“Azərbaycan işıqları” qəzeti Azərbaycan Respublikası enerjisisteminin yeganə ixtisaslaşmış mətbu orqanı kimi 1992-ci ildən nəşr edilir. Əvvəllər qəzetin redaksiyası ölkənin elektroenergetika mərkəzlərindən biri olan Mingəçevir şəhərində yerləşib. “Azərenerji” ASC-nin prezidentinin əmri ilə 2003-cü ilin may ayında redaksiya Bakı şəhərinə köçürülüb, qəzet Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb, redaksiyanın kadr tərkibi yenilənib və maddi-texniki bazası möhkəmləndirilib.

Qəzetin nəşrində əsas məqsəd Azərbaycanın elektroenergetika sahəsinin mövcud vəziyyətini, nailiyyətlərini və problemlərini işıqlandırmaq, enerji istehsalı, ötürməsi və idarəolunmasını əhatə edən strukturların fəaliyyəti barədə ictimaiyyətə operativ, obyektiv və dolğun məlumatlar çatdırmaq, sahənin aktual məsələlərini araşdırmaq, ictimai rəyi öyrənib ümumiləşdirmək, qabaqcıl energetiklərin təcrübəsini yaymaq, oxucuları ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı mühüm hadisələr, eləcə də, dünya energetikasındakı yeniliklərlə tanış etməkdir.

“Azərbaycan işıqları” qəzeti ayda iki dəfə çap olunur. Qəzetin yayım coğrafiyası “Azərenerji” ASC-nin Aparatının bölmələrinin, strukturuna daxil olan müəssisələrin yerləşdiyi bütün əraziləri əhatə edir.