İŞLƏR UĞURLA DAVAM EDİR

Tarix : 14-02-12 13:14

Səmərəliliyi yüksək olmaqla yanaşı tikinti müddətinin də azlığını nəzərə alaraq, Dövlət başçımızın diqqət və qayğısı sayəsində  elektrik enerji sisteminin respublika iqtisadiyyatının sürətli inkişafının qabaqlamasını təmin etmək məqsədilə, postsovet məkanında ilk dəfə olaraq ölkəmizdə generasiya güclərinin paylanmış struktur konsepsiyasını əsas götürərək porşen tipli mühərriklərlə təmin olunmuş generatorlardan ibarət olan generasiya gücləri tikilərək istismara verilmişdir. Belə enerji obyektlərindən biri də “Şəki” elektrik stansiyasıdır. Tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, plan tapşırıqların uğurla yerinə yetirilməsində kollektiv səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Sözügedən müəssisədən “Azərenerji”  ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, bütün enerji obyektlərində olduğu kimi, burada da mövsümə hazırlıq çərçivəsində təmir-bərpa işləri yerinə yetirilib. Bütün avadanlıqlar yoxlanılmış, mühafizələr qaydaya salınmışdır. Eyni zamanda stansiya ehtiyat sürtkü yağları ilə təmin olunmuşdur. Bütün bunlarla yanaşı işçilərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə inzibatı binalarda da müxtəlif təyinatlı təmir-tikinti işləri də görülmüşdür.

Qeyd edək ki, stansiyada aqreqatların hamısı saz vəziyyətdədir. İstismar səviyyəsinin yüksək həddə saxlanılmasını təmin etmək üçün texniki məsələlərə diqqətlə yanaşılır, vaxtlı-vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər görülür. Belə ki, tələbatçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində plan tapşırıqlarına uyğun olaraq 5, 6, 8, 9 və 10 saylı aqreqatlarda növbəti texniki xidmət işləri həyata keçirilmişdir. Hal-hazırda 4 saylı aqreqatda texniki xidmət işləri yerinə yetirilir.

Yeri gəlmişkən, cari ildə digər aqreqatlarda da ( 1, 2 və 3 saylı) əsaslı texniki xidmət işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.

Elektrik stansiyasından daxil olan məlumatda enerjisinin istehsalı ilə əlaqədar məsələyə toxunularaq qeyd edilir ki, cari ilin yanvar ayında burada 27 milyon kilovatsaat proqnozuna qarşı 27,6 milyon  kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. 2011-ci il ərzində isə enerji obyektində 121,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 5,2 milyon kilovatsaat çoxdur.

Mənbəyə istinadən onu da qeyd edək ki, digər müəssisələr kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın su çəni, nasos qurğusu, su kəməri şəbəkəsi və digər avadanlıqlar yoxlanılmış, aşkar edilmiş qüsurlar aradan qaldırılmış və daimi nəzarətdə saxlanılır. Eyni zamanda müxtəlif növ transformator və yağ çənləri üzərində quraşdırılmış su ilə avtomatik yanğınsöndürmə, həmçinin yanğın xəbərverici sistemləri əsaslı təftiş edilərək saz vəziyyətə gətirilmişdir. Bütün bunlarla yanaşı işçilərə əks-qəza təlimləri keçirilir.

Xatırladaq ki, 10 aqreqatdan ibarət, ümumi gücü  87 MVt olan bu elektrik stansiyası 2006-cı ilin oktyabr ayında istismara verilmişdir.