TƏMİR İŞLƏRİ APARILMIŞDIR

Tarix : 10-02-12 11:27

“Azərenerji”nin bütün strukturlarında olduğu  kimi “Zaqatala” və “Qəbələ” elektrik şəbəkələrində də (EŞ) istehlakçıların elektrik enerjisi təchizatında yaranacaq hər hansı bir problemin qarşısının vaxtında alınması məqsədilə, xidməti ərazilərində olan transformator məntəqələrində (TM) və elektrik verilişi xətlərində (EVX) təmir-bərpa işləri müvəffəqiyyətlə həyata keçirilmiş və hazırda davam etdirilir.

Zaqatala  EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2011-ci ilin IV rübündə şəbəkənin balans mənsubiyyətinə aid olan TM-lərin 30-dan çoxunda müxtəlif təyinatlı təmir işləri aparılmışdır.

Qeyd edək ki, sözügedən dövrdə 10 kV-lik “Car”, “Bəhmədli”, “Mosul” və digər bir neçə EVX-də müxtəlif təyinatlı təmir işləri aparılmış və ümumilikdə həmin xətlərin 5 kilometrdən artıq hissəsi dəyişdirilmişdir. Eyni zamanda rayonun Fındıqlı, Əlibayramlı, Danaçı və digər bir neçə kəndlərinin, həmçinin Zaqatala şəhərinin 0,4 kV-lik şəbəkələrində də analoji işlər həmin bu dövrdə həyata keçirilmiş və ümumilikdə 6 kilometrə yaxın xətt təmir edilmişdir.

Qəbələ EŞ-dən əldə edilən məlumatda qeyd edilir ki, sözügedən dövr ərzində şəbəkənin xidməti ərazisində olan TM və KTM-lərin 27-də müxtəlif təyinatlı təmir işləri aparılmışdır.

Onu da qeyd etmək yerinə düşərdi ki, təmir işləri EVX-lərdən də yan keçməmişdir. Belə ki, şəbəkənin xidməti ərazisində 10 kV-lik “Vəndam”, “Zarağan”, “Tüntül” və digər HX-lərinin ümumilikdə 21 kilometrə yaxın hissəsində təmir işləri aparılmışdır. Eyni zamanda həmin bu dövrdə Aeroport yolunun tikintisi ilə əlaqədar olaraq 10 kV-lik “Əmili”, “Telestansiya” və “Pirəli” HX-də təxirəsalınmaz tədbirlər görülmüş və bu istiqamətdə işlər davam etdirilir.  0,4 kV-lik şəbəkələrin isə  5 kilometrə yaxın hissəsi təmir edilmişdir.

Sonda hər iki mənbə onu da bildirdi ki,  həyata keçirilmiş bütün bu işlər istehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə, texnoloji itkilərin müəyyən edilmiş həddə saxlanılmasına, ifrat yüklənmələrin qarşısının alınmasına xidmət edir.