REYDLƏR MÜNTƏZƏM OLARAQ DAVAM ETDİRİLİR

Tarix : 23-01-12 20:00

 

“Cəlilabad elektrik şəbəkəsindən” (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2011-ci ilin dekabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 50-dən çox istehlakçının elektrik enerjisindən istifadə qaydalarını  pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 181,5 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 10,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 44 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, ötən il ərzində isə burada 720 qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuş və nəticədə 2 milyon 68,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 124,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 50 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

“Biləsuvar EŞ-dən” əldə edilən məlumata görə, ötən ilin dekabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 29 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 50,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 71 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, ötən il ərzində isə burada 230-dan çox qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 729,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 43,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 49 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən,  mənbələrdən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki,  elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu  məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.