AVADANLIQLAR NÖVBƏTİ MÖVSÜMƏ HAZIRDIR

Tarix : 22-01-12 20:00

 

Bütün aidiyyəti energetika müəssisələrində enerjisistemin dayanıqlılığının artırılması, ötürülən elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədilə tərtib olunmuş tədbirlər planında nəzərdə tutulmuş təmir-sazlama və sınaq işləri uğurla yerinə yetirilir. Ümumiyyətlə, tələbatçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması energetiklərin qarşısında duran mühüm vəzifədir.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Gəncə Elektrik Şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində ötən il ərzində bir sıra təmir işləri yerinə yetirilib. O cümlədən, ötən ilin son üç ayı ərzində 6-10/0,4 kV-lik transformator məntəqələrinin (TM) və komplekt transformator məntəqələrinin (KTM) 50-dən çoxunda müxtəlif təyinatlı təmir işləri görülmüşdür.  Eyni zamanda ümumi gücü 2,6 MVA-ya yaxın olan 5 ədəd transformator da təmir edilərək şəbəkəyə qoşulmuşdur.

Qeyd edək ki, 10, 6 və 0,4 kV-lik hava elektrik verilişi xətlərində də əsaslı və cari təmir işləri aparılmış, istismara yararsız naqillər yeniləri ilə əvəz edilmişdir.

Onu da qeyd edək ki, Tovuz EŞ-də də müvafiq  təmir-bərpa işləri aparılmışdır. Bu enerji təsərrüfatında da müvafiq hava elektrik verilişi xətləri və onların avadanlıqları cari və əsaslı təmir edilərək növbəti mövsümə hazır vəziyyətinə gətirilib. Belə ki, burada sözügedən dövr ərzində 6-10 kV-lik xətlərin 11 kilometrində, 0,4 kV-lik xətlərin isə 13 kilometrində müxtəlif təyinatlı təmir işləri aparılmışdır.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, sözügedən dövr ərzində bu müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərin 7-də də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 38 ədəd transformator təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.

Sonda onu da qeyd edək ki, həyata keçirilən təmir-bərpa işləri nəinki istismar səviyyəsinin daha da yüksəldilməsinə, eyni zamanda enerji haqlarının ödənilməsində də mühüm rol oynayır.

Yeri gəlmişkən, digər rayonlarda olduğu kimi bu rayonların enerji təchizatının daha dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.