ŞƏBƏKƏLƏRİN YENİLƏŞDİRİLMƏSİ DAVAM ETDİRİLİR

Tarix : 18-01-12 20:00

 

Ölkəmizin enerji sistemində həyata keçirilən məqsədyönlü tədbirlər, yeni texnologiyaların tətbiqi ilə aparılan quruculuq işləri  istehlakçıların dayanıqlı  və keyfiyyətli elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmağa imkan verir. Texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsini, o cümlədən  elektrik enerjisinin dayanıqlı ötürülməsini təmin etmək üçün nəzərdə tutulan texniki tədbirlər cari ildə də davam etdirilir. Həyata keçirilmiş qabaqlayıcı tədbirlərin nəticəsi olaraq açılmaların sayı minimuma endirilib.

Xaçmaz Elektrik Şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2011-ci ilin son üç ayı ərzində 10 kV-lik “RTS”, I “Şəhər”, “Pivə zavod”, “Telestudiya” və digər xətlərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. O cümlədən, 3,7 kilometrdən artıq AS markalı naqil və 145 ədəd izolyator yenisi ilə əvəz edilmiş, müxtəlif gərginlikli (10 və 0,4 kV-lik) EVX-lərin isə 59 kilometrə yaxın hissəsi təmir edilmişdir. Eyni zamanda 19 ədəd dayaq yenisi ilə əvəz edilmiş və eyni sayda dayaqda isə təmir işləri aparılmışdır.

Qeyd edək ki, müəssisənin balans mənsubiyyətinə aid olan 10-0,4 kV-lik şəbəkələrdə texnoloji itkilərin azaldılması məqsədilə müəyyən edilmiş işlər sözügedən dövr ərzində də uğurla icra edilmişdir. O cümlədən, 10 kV-lik “Nizova” hava xəttindən (HX) qidalanan 250 KVA, eynigərginlikli II “Şəhər” HX-dən qidalanan 180 KVA  transformatorlar yükə uyğun yeni transformatorlarla əvəz edilmişdir. Bütün bunlarla yanaşı sözügedən dövr ərzində 24 ədəd komplekt transformator məntəqəsində (KTM) də müxtəlif təyinatlı təmir işləri aparılmış və transformatorlara xeyli miqdarda yağ əlavə edilmişdir.

Quba EŞ-dən əldə etdiyimiz məlumata görə, burada da ötən ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan paylayıcı şəbəkələrdə bir sıra mühüm işlər həyata keçirilmişdir. O cümlədən, 35 kV-lik “Quba”, “Nasos”, “Kanal” və digər yarımstansiyalarda ümumilikdə sözügedən dövr ərzində 5 ədəd yağ açarı müasir tipli vakuum açarı ilə əvəz edilmişdir. Eyni zamanda 10 kV-lik “Küpçal” və “Qanköçürmə” HX-nin Qəçrəş yolu yaşayış massivindən keçən hissəsində 3 kilometr məsafədə yeni dəmir-beton dayaqlarla iki dövrəli tıkilərək istismara verilmişdir.

Onu da qeyd edək ki, analoji yenidənqurma işləri 6 kV-lik 3 saylı fiderin Fətəli Xan və Memar Əcəmi küçəsindən keçən hissəsində də aparılmışdır. Eyni zamanda Xucbala kəndində Quba-Qusar magistral yolunun kənarında 2 kilometr məsafədə yeni 50 ədəd dəmir-beton dayaqlar quraşdırılaraq SİP kabel xətti çəkilmişdir. Ümumilikdə, burada sözügedən dövr ərzində 56 kilometrə yaxın 10, 6 və 0,4 kV-lik xətlərdə təmir işləri aparılmış, 90-dan artıq dayaq dəmir-beton dayaqlarla və 2 kilometr naqil yenisi ilə əvəz edilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, yuxarıda qeyd edilənlərdən əlavə, müəssisə üzrə texnoloji itkilərin azaldılmaı istiqamətində də müəyyən işlər görülmüş və gücləri 20 və 160 KVA olmaqla hər biri bir ədəd, 100 KVA gücündə isə 2 ədəd transformator məntəqəsində (TM) sxemdən çıxarılaraq onların yükləri daha güclü TM-lərə köçürülmüşdür. Eyni zamanda Aşağı Xuc kəndində 100 KVA, Küçeyi kəndində isə 180 KVA transformatorlar yükə uyğun yeni transformatorlarla əvəz edilmişdir. Bütün bunlarla yanaşı sözügedən dövr ərzində 42 ədəd TM- də və 31 ədəd transformatorda da təmir işləri aparılaraq qış mövsümünə hazır vəziyyətə gətirilmişdir.