“ŞƏKİ” REŞ : DAYANIQLIQ DAHA DA ARTIRILIB

Tarix : 13-01-12 10:45

Son vaxtlar "Şəki Regional Elektrik Şəbəkəsi"ndə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bölgənin enerji təsərrüfatında dayanıqlıq daha da artırılmışdır.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  elektrik enerjisi ilə təminatın möhkəmləndirilməsi məqsədi ilə 10-6-0,4 kilovoltluq xətlərdə və 10/0,4 kilovoltluq  transformator məntəqələrində  əsaslı və cari təmir işləri aparılıb.

Məlumatda qeyd edilir ki, “Şəki” EŞ üzrə 10 kV-lik “İpək kombinatı”, “Kiş”, “Qoxmuq”, “Aydınbulaq”, “Göynük”, “Turan”, “Şorsu”, “Dəyirman”, “Baş Küngüt” və  “Baş Zəyzid” hava elektrik verilişi xətlərində son üç ayda aparılan təmir-bərpa işləri enerji ötürücü xətlərinin dayanıqlığını daha da artırmış və mövcud  iqlim hava şəraitinə hazır etmişdir.

Bundan əlavə rayonun 0,4 kV-lik xətləri üzrə də yenidənqurma işləri uğurla yerinə yetirilmişdir. Məsələn, Zəyzid, Dəhnə, Kiş, Vərəzət kəndləri və  Turan qəsəbəsində 2 kilometr məsafədən artıq EVX təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir. Eyni zamanda burada 30 ədəd transformator məntəqəsində də təmir işləri həyata keçirilmişdir.

Analoji tədbirlər REŞ-in balans mənsubiyyətinə məxsus olan “Oğuz Elektrik Şəbəkəsi” üzrə də yerinə yetirilib. Qeyd edək ki, 10 kV-lik “Oğuz”, “Qumlaq”, “Xaçmaz” və “Qarabulaq” hava elektrik verilişi xətləri üzrə  6 kilometrə yaxın məsafədə təmir işləri reallaşıb.

Mənbənin bildirdiyinə görə, “Oğuz” EŞ üzrə 3 ay ərzində 18 ədəd 10/0,4 kilovoltluq transformator məntəqəsində  təmir işləri aparılmış və avadanlıqlar normal iş rejiminə gətirilmişdir.

Müvafiq tədbirlərin “Qax” Elektrik Şəbəkəsində də aparıldığını bildirən mənbə qeyd edir ki, burada 10 kV-lik “Dəyirman”, “Qıpçaq”, “İlisu” və “Qorağan” hava elektrik verilişi xətlərində dayanıqlığın daha da artırılması məqsədilə müxtəlif təyinatlı təmir bərpa işləri görülmüşdür.  O cümlədən, sözügedən xətlərin ümumilikdə 15 kilometrə yaxın hissəsində əsaslı və cari təmir işləri həyata keçirilmişdir. Eyni zamanda müəssisənin balans mənsubiyyətinə aid olan 0,4 kV-lik xətlərində 15 kilometrə yaxın hissəsi təmir edilmişdir.

Elektrik şəbəkəsi üzrə son üç ay ərzində 10-a yaxın 10/0,4 kV-lik transformator məntəqəsində  təmir işləri yerinə yetirilib.

Sonda qeyd edək ki, reallaşdırılan ənənəvi təmir-bərpa işləri istehlakçıların mövcud iqlim şəraitində daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi istifadəsinə geniş imkan yaradır.