“SİYƏZƏN” YARIMSTANSİYASININ GÜCÜ ARTIRILIR

Tarix : 06-01-12 11:10

Respublikamızın şimal bölgəsinin elektrik enerjisi təchizatında “Xaçmaz Regional Elektrik Şəbəkəsi” (REŞ), həmçinin onun strukturuna daxil olan elektrik şəbəkələrinin özünəməxsus yeri və rolu var. 2011-ci ilin son üç ayında da kollektiv tədbirlər planı üzrə nəzərdə tutulan işlərin lazımi səviyyədə icra olunması üçün bütün səy və bacarığını səfərbər etmişdir.

REŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  sözügedən dövrdə 110 kV-lik “Xaçmaz” yarımstansiyasında 1 saylı 25 MVA-lıq, 2 saylı 16 MVA-lıq transformatorlar təmir edilmiş və 1 saylı transformatorun 110 kV-lik cərəyan transformatoru və həmin bu yarımstansiyanın eynigərginlikli I və II sistem şinində isə gərginlik transformatoru yenisi ilə əvəz edilmişdir. Eyni zamanda burada 10 kV-lik bir neçə xəttin yağ açarı isə vakuum açarla əvəzlənmişdir.

Qeyd edək ki, analoji təmir işləri “Siyəzən” yarımstansiyasında da həyata keçirilib. Hazırda burada 2 saylı 20 MVA-lıq transformatorun 31,5 MVA-lıq transformatorla əvəz olunması işləri həyata keçirilir.

Mənbədən onu da bildirdilər ki, yarımstansiya xidmətinin işçiləri tərəfindən “Xudat”, “Şabran”, “Quba”, III Beynəlmiləl” və digər bir neçə yarımstansiyada da müxtəlif gücdə olan transformatorlar təmir edilərək saz vəziyyətə gətirilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən dövr ərzində xətt xidmətinin işçiləri tərəfindən 330 kV-lik EVX-də 60 ədəd, 110 kV-lik EVX-də 580-dən çox,  35 kV-lik EVX-də isə 100-ə yaxın izolyatorlar yenisi ilə əvəz edilmişdir. Eyni zamanda 110 kV-lik “Xudat-Yalama” EVX-də 2 ədəd travers və eyni sayda artırma dəyişdirilmiş, 35 kV-lik “Quba-Qusar” EVX-də 2 ədəd ağac anker dayaq metal anker dayaqla, eyni fərginlikli “Əcəxur” EVX-də isə 3 ədəd anker və 2 ədəd aralıq ağac dayaqlar da yeni metal anker dayaqlarla əvəz olunmuşdur.

Yeri gəlmişkən, 330 kilovoltluq "Xaçmaz" hava xəttində 227-234-cü dayaqlarda əlavə izolyator zənciri asmaqla şleyflərin güclü küləklər nəticəsində gövdəyə yaxınlaşması ilə əlaqədar baş verə biləcək qəza hallarının aradan qaldırılmasının da qarşısı alınmışdır. Son dövrlərə kimi qeyd olunan xətdə hər hansı ciddi qüsur olmayıb. Yalnız son dövrlər tez-tez müşahidə olunan anomal hava şəraiti bəzi qüsurların tezliklə aradan qaldırılması zərurətini ortaya qoyub. Görülən işlərin müsbət nəticəsi olaraq deyə bilərik ki, bundan sonra baş verə biləcək təbii fəlakətlərin həmin xətt üçün ciddi fəsadlar törətməsi minimum həddə düşüb.

Sonda onu da qeyd edək ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi tədbirləri daim diqqət mərkəzindədir. Belə ki, müəssisənin balans mənsubiyyətinə aid olan yarımstansiyalarda yanğınsöndürmə postları müvafiq ləvazimatlarla təmin olunmuş, həcmi 50 kub metr olan qəza yağ tutumu və su hovuzları tikilmiş, əlavə su xətləri çəkilmiş və kabel kanalları yenidən quraşdırılmışdır. Eyni zamanda ərazi quru otlardan da təmizlənmişdir.