REYDLƏR NƏTİCƏ VERİR

Tarix : 30-12-11 10:53

İstehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində keçirilən reydlər zamanı sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi, sayğacın üst və ya alt qapaqlarına müvafiq dövlət qurumları tərəfindən vurulmuş möhürlərin pozulması, baxış şüşələrinin sındırılması və digər pozuntu hallarına rast gəlinir.

Beyləqan elektrik şəbəkəsindən (EŞ)  “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  cari ilin noyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 20-dən artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 188,4 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 11,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 13 faizdən çox hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin 11 ayı ərzində isə burada 235-ə yaxın qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 994,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 59,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 53 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Sabirabad EŞ-dən əldə edilən məlumata görə, burada cari ilin noyabr ayında keçirilmiş reydlər zamanı 155-dən artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1 milyon 144,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 68,6 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd edək ki, sözügedən müəssisənin xidməti ərazisində cari ilin 11 ayı ərzində keçirilmiş reydlər zamanı 1290-dan artıq qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 8 milyon 321,8 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 499,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 23 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbələrdən qayda pozuntularının istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, ən çox qayda pozuntusu  məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.