“ŞƏMKİR” SES SİLSİLƏSİ: TƏMİR BƏRPA İŞLƏRİ APARILIR

Tarix : 14-12-11 10:57

Hazırda alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsi məsələsi bütün dünyanın diqqət mərkəzindədir. Bu məsələ qlobal ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin qorunması baxımından xüsusilə aktualdır.

Qeyd edilməlidir ki, respublika istehlakçılarının elektrik enerjisi ilə təmin edilməsində, o cümlədən pik gücləri baxımından ölkədə fəaliyyət göstərən su elektrik stansiyalarının (SES) rolu əvəzsizdir.  Bu baxımdan sözügedən obyektlərin tam gücü ilə fəaliyyət göstərməsi əsas şərtlərdən biridir. Məhz buna görə də, adıçəkilən obyektlərə diqqətin artırılması və onların iş rejiminin günün tələblərinə cavab verə biləcək səviyyədə təmin edilməsi vacib amil hesab edilməlidir. Belə obyektlərdən biri də “Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi»dir.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə sözügedən müəssisədən daxil olan məlumata görə, cari ilin noyabr ayında müəssisə üzrə 69,7 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnoza 101 faiz əməl edilməsi deməkdir. Qeyd edilən həcmdən 48,7 milyon kilovatsaatı «Şəmkir» SES-in, 21 milyon kilovatsaatı isə «Yenikənd» SES-in payına düşür.

Qeyd edək ki, cari ilin ötən 11 ayı ərzində isə 1milyard 252 milyon kilovatsaat proqnoza qarşı, 1 milyard 271,1 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir. Bundan 908,5 milon kilovatsaatı « Şəmkir » SES-in, 362,6 milyon kilovatsaatı isə  «Yenikənd » SES-in payına düşür.

Mənbənin bildirdiyinə görə, ötən illərdə olduğu kimi, cari ilin müvafiq dövrlərində də texniki-iqtisadi göstəricilər qənaətbəxş olmuşdur.

Yeri gəlmişkən, digər enerji obyektləri kimi, adıçəkilən obyektdə də iş rejimi günün tələblərinə cavab verə biləcək səviyyədədir. Hal-hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Sonda onu da qeyd edək ki, müəssisə üzrə sözügedən dövr ərzində SES-lərdə olan avadanlıqlarda, qurğularda təmir işləri və proflaktik yoxlamalar aparılmış və hazırda bu işlər davam etdirilir.

Xatırladaq ki, silsiləyə “Şəmkir” və “Yenikənd” SES-ləri daxildir.