REYDLƏR NƏTİCƏ VERİR

Tarix : 05-01-10 20:00

 

İstehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində keçirilən reydlər zamanı sayğacın üst və ya alt qapaqlarına müvafiq dövlət qurumları tərəfindən vurulmuş möhürlərin pozulması, baxış şüşələrinin sındırılması və digər pozuntu hallarına rast gəlinir. Digər PEŞ-lərdə olduğu kimi İmişli, Beyləqan, Kürdəmir və Ağcabədi PEŞ-lərinin əməkdaşları tərəfindən də belə halların qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə İmişli PEŞ-dən daxil olan məlumata görə,  2009-cu ilin 11 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 995 istehlakçının “Elektrik Enerjisindən İstifadə Qaydaları”-nı (EEİQ) pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 3 milyon  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, 2009-cu ilin noyabr ayında isə 78 akt tərtib olunmuş, 183,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 11 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin də  müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Beyləqan PEŞ-dən əldə edilən məlumata görə, 2009-cu ilin 11 ayı ərzində keçirilmiş reydlər zamanı 386 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 909 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 70 faizdən çoxunun ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, 2009-cu ilin noyabr ayında isə 13 analoji fakt aşkar olunmuş, 46,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 2,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 45 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.
Kürdəmir PEŞ-dən daxil olan məlumata görə, burada 2009-cu ilin noyabr ayında keçirilmiş reydlər zamanı 42 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək, 199,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin  istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 35 faizdən çoxunun ödənişi təmin edilmişdir. Ümumiyyətlə, 2009-cu ilin 11 ayı ərzində isə müəssisə üzrə 429  qayda pozuntusu aşkar edilərək 1,5 milyon kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 52 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Ağcabədi PEŞ-in xidməti ərazisində isə 2009-cu ilin noyabr ayında  keçirilmiş reydlər zamanı 51 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 812 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 48,7 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 45 faizə yaxın hissəsinin ödənişi də təmin edilmişdir. Ümumiyyətlə, burada 2009-cu ilin 11 ayı ərzində 630-dan çox  qayda pozuntusu faktı aşkar edilərək 6 milyon kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 40 faizdən çox hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.