İCTİMAİ NƏZARƏT ÖZ BƏHRƏSİNİ VERİR

Tarix : 05-01-10 20:00

Zərdab rayonu xeyli müddətdir ki, elektrik enerjisi haqqının yığımına görə respublikada öncül yerlərdən birini tutur. Rayon paylayıcı elektrik şəbəkəsi  ümumilikdə 10 mindən çox istehlakçıya xidmət edir. İstehlakçıların hamısı sayğacla təmin edilib ki, bu da enerji istehlakının uçotunu dəqiq aparmağa imkan verir.

Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, kollektivdəki möhkəm nizam-intizam əldə edilmiş uğurların mühüm amilidir. Bildirişlər istehlakçılara vaxtında paylanır, ödənişlər gecikdirən istehlakçılara qarşı mövcud qaydalara uyğun tədbirlər görülür.  Eyni zamanda istehlakçılar özləri elektrik enerjisindən qeyri-qanuni istifadə hallarına qarşı mübarizə aparırlar. Bu sahədə ictimai nəzarətin rolu çox güclüdür. Elektrik xəttinə müdaxilə edən şəxs barədə PEŞ-ə dərhal məlumat çatdırılır.  Bununla belə, elektrik enerjisindən istifadə qaydalarının pozulması halları hələ də var. Şəbəkə əməkdaşlarının keçirdikləri reydlər zamanı  belə hallar aşkarlanır, itirilmiş enerjinin istehlak dəyəri bərpa edilir, onun ödənilməsinə nail olunur. 2009-cu ilin noyabrında müxtəlif istehlakçı qruplar üzrə bu istiqamətdə ümumilikdə 16 min manata yaxın ödəniş təmin edilib.
Ucar PEŞ-dən əldə edilən məlumata görə, müəssisənin xidməti ərazisində enerji haqlarının ödənişinin tam təmin edilməsi, enerji təchizatının yaxşılaşdırılması, xidmətin səviyyəsinin yüksəldilməsi üçün zəruri tədbirlər görülür.
Qeyd edək ki, havaların soyuması ilə əlaqədar sərfiyyat artıb. Belə şəraitdə elektrik enerjisindən istifadə qaydalarının pozulması hallarına qarşı mübarizəni daha da sərtləşdirmək lazım gəlir. Bu günlərdə PEŞ əməkdaşları   Mingəçevir RET-in audit şöbəsinin nümayəndələri ilə birlikdə rayonda reydlər keçiriblər. Aşkar edilmiş pozuntu halları ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülüb.
Yeri gəlmişkən, həmişə olduğu kimi, qarşıdakı soyuq qış aylarında da istehlakçıların elektrik enerjisinə tələbatının fasiləsiz ödənilməsi enerji təchizatçılarının başlıca vəzifəsidir. Zərdab və Ucar rayon paylayıcı elektrik şəbəkələrinin kollektivləri də bu vəzifəni layiqincə yerinə yetirmək üçün bütün imkanlarını səfərbər ediblər.