TƏSİRLİ TƏDBİRLƏR GÖRÜLÜR

Tarix : 04-01-10 20:00

Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir. Nəzarət qrupları və şəbəkə əməkdaşları tərəfindən keçirilən reydlər zamanı sayğacların dövlət möhürlərinin zədələnməsi, müdaxilə edilən sayğaclardan keçən enerjinin bir hissəsinin qeydə alınmaması, sayğacdan kənar xətdən istifadə və digər qüsurlar aşkar olunur. Həmin istehlakçılara qarşı daha sərt tədbirlər görülür.

Cəlilabad PEŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, burada 2009-cu ilin noyabr ayında keçirilmiş reydlər zamanı 57 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək, 273,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin  istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin müəyyən qisminin (25 faizə yaxın) ödənişi təmin edilmişdir. Ümumiyyətlə, ötən ilin 11 ayı ərzində isə müəssisə üzrə 955  qayda pozuntusu aşkar edilərək 5,9 milyon kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 50 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Lənkəran PEŞ-dən əldə edilən məlumata görə isə müəssisənin xidməti ərazisində 2009-cu ilin noyabr ayında  keçirilmiş reydlər zamanı 38 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 158,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 9,5 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 80 faizə yaxın hissəsinin ödənişi də təmin edilmişdir. Ümumiyyətlə isə ötən ilin 11 ayı ərzində 610-a yaxın  qayda pozuntusu faktı aşkar edilərək 3,6 milyon kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 217 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 81 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.