STANSİYA AHƏNGDAR REJİMDƏ İŞLƏYİR

Tarix : 05-12-11 11:26

“Xaçmaz Elektrik Stansiyası”nda  (ES) payız-qış mövsümünə hazırlıqla bağlı bütün tədbirlər əvvəlcədən müəyyənləşdirilmiş  qrafik üzrə yerinə yetirilib. Nəticədə noyabr ayında hava şəraitinin pisləşdiyi günlərdə belə, pik saatlarında stansiya normal rejimdə işləyib. Yalnız 4 saylı aqreqat plan-qrafikə uyğun olaraq, texniki qulluq üçün dayandırıldığından istismar olunmayıb. Hazırda 2 saylı aqreqatda analoji tədbirlər həyata keçirilir.

Sözügedən ES-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, hava sistemlərində müşahidə olunan qüsurlar aradan qaldırılıb beləliklə də, mühərriklərin işə salınması zamanı yaranan çətinliklərə son qoyulub. Həmçinin 10 saylı aqreqatın tüstü borusunun kompensatoru təmir edilərək saz vəziyyətə gətirilib.

Qeyd edək ki, cari ilin on ayında stansiyada elektrik enerjisi istehsalı 266 milyon kilovatsaat proqnozlaşdırıldığı halda, faktiki istehsal 271 milyon kVtsaatdan çox olub. O cümlədən, oktyabr ayında bu göstəricinin 27 milyon kVtsaat planlaşdırılmasına baxmayaraq, 27,3 milyon kVtsaat təşkil edib.

Mənbədən onu da bildirdilər ki, istismar səviyyəsinin yüksək olmasını şərtləndirən əsas amillərdən biri hər bir müəssisədə istifadə edilən mühərrik üçün nəzərdə tutulan təlimatın vaxtında lazımi səviyyədə yerinə yetirilməsidir. Həmin təlimat üzrə müəyyənləşdirilmiş vaxtlarda avadanlıqlara texniki qulluq göstərilməlidir. “Xaçmaz ES”də bu məsələ daim diqqətdə saxlanılır. Hava yağ filtrləri vaxtında təmizlənir, yağ nasosları yoxlanılır, qaz filtrləri dəyişdirilir, soyuducu su məhlullarının laboratoriya analizləri aparılır. 110 kilovoltluq yarımstansiyada da tələb olunan sınaqlar keçirilir, avadanlıqlar silinib təmizlənir, mühafizə sistemləri, izolyasiya yoxlanılır digər tədbirlər görülür.