ƏMƏYİN MÜHAFİZƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR

Tarix : 28-11-11 10:36

Əhalinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı bölgələrdə ardıcıl və məqsədyönlü tədbirlər görülməkdədir. “İsmayıllı Elektrik Şəbəkəsi” rayon ərazisində elektrik enerjisinin fasiləsiz və keyfiyyətli paylanması, satışa ötürülən enerjinin dəyərinin toplanması istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Sözügedən şəbəkədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  müəssisənin xidməti ərazisində elektrik enerjisi ilə təminatı daha da yaxşılaşdırmaq, qış mövsümündə istehlakçıların elektrik enerjisi ilə fasiləsiz təchizatını təmin etmək məqsədi ilə mühüm işlər görülüb. Belə ki, 10-0,4 kV-lik elektrik verilişi xətlərində 120 ədəd dayaq dəyişdirilib. Eyni gərginlikli xətlərdə 25,5 kilomer təmir işləri görülüb. Rayon ərazisində zədələnmiş 14 ədəd müxtəlif güclü transformator təmir olunaraq saz vəziyyətə gətirilib. Eyni zamanda, 59 ədəd transformator məntəqəsində cari təmir işləri aparılıb. 0,4  kV-lik hava xətlərinin 3,2 kilometri SİP kabellə əvəz olunub. Ümumiyyətlə, rayonun elektrik təsərrüfatında həyata keçirilən tədbirlər nəticəsində enerji təchizatı daha da möhkəmlənib.

Qeyd edək ki, burada əməyin mühafizəsi məsələləri də diqqət mərkəzindədir. İşçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də arzuolunan səviyyədədir. İşçilər bu istiqamətdə mütəmadi olaraq təlimatlandırılırlar.