“BALAKƏN”DƏ ELEKTRİK ENERJİSİ TƏMİNATI DAHA DA YAXŞILAŞDIRILIB

Tarix : 18-11-11 11:15

Son vaxtlar "Şəki Regional Elektrik Şəbəkəsi"ndə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bölgənin enerji təsərrüfatında dayanıqlıq daha da artırılmışdır.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  elektrik enerjisi ilə təminatda dayanıqlığın möhkəmləndirilməsi məqsədi ilə yarımstansiyalarda əsaslı və cari təmir işləri aparılıb.

“Balakən” elektrik şəbəkəsi də bu qəbildən olan enerji obyektlərindəndir. Belə ki, burada cari ilin 10 ayı ərzində, o cümlədən oktyabr ayında 10/6-0,4 kilovoltluq  elektrik verilişi xətlərində və 10/0,4 kilovoltluq transformator yarımstansiyalarında müxtəlif təyinatlı təmir işləri yerinə yetirilib.

Mənbədən bildirilir ki, şəbəkə üzrə yenidənqurma işləri  110/35/10 kilovoltluq “Balakən” yarımstansiyasından çıxan  10 kilovoltluq “Sənaye”, “Konservzavod”, “Xəstəxana”, “Qazbinə” hava elektrik verilişi xətlərində və  110/6 kilovoltluq “Katex” yarımstansiyasından çıxan 6 kilovoltluq “Katex”, “İtitala” hava elektrik verilişi xətlərində aparılıb. “Kolxoz”, “Ferma”, II “Kolxoz”, “QES”, “Mazım-Qaray”, “Şəhər” hava elektrik verilişi xətləri də bu sıradan olan enerji təsərrüfatlarıdır.

Şəbəkədən verilən məlumatda  0,4 kilovoltluq EVX-lər üzrə də uğurlu təmir-bərpa işləri icra edilib. Daxil olan məlumata istinadən bildirək ki,  rayonun İtitala, Talalar, Sarıbulaq, Şambul, Qaysa, Meşəşambul, Şərif, Yenişərif, Xalatala, Gərəkli, Qullar, Mahamalar kəndlərində əhalini daha da dayanıqlı enelktrik enerjisi ilə təmin etmək məqsədilə müvafiq EVX-lər təmir edilmişdir.  Burada təxminən 23 kilometr məsafədə yenidənqurma işləri aparılıb.

Digər məlumata əsasən qeyd edək ki, 44-dən artıq 10/0,4 kilovoltluq yarımstansiyada da müxtəlif təyinatlı təmir işləri yerinə yetirilib və bu tədbirlər sırasına 340-dan artıq yeni beton dayaqların basdırılması da daxildir.

Sonda bildirək ki, yerinə yetirilən təmir-bərpa işləri Balakən rayon və kəndlərində yaşayan abonentlərin bu qışı da qüsursuz və fasiləsiz elektrik enerji ilə təminatına imkan yaradacaq.