TƏMİR KAMPANİYASI UĞURLA YERİNƏ YETİRİLİR

Tarix : 15-11-11 11:17

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetiklərin ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi “Mingəçevir Regional Elektrik Şəbəkəsi”nin (REŞ) də xidməti ərazilərində bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, müvafiq tədbirlər REŞ-in fəaliyyət dairəsinə məxsus olan “Tərtər”, “Ucar” və “Ağdaş” elektrik şəbəkələrində də uğurla yerinə yetirilib.

Qeyd edək ki, Tərtər rayon və kəndlərində əhalinin elektrik enerjisinə olan tələbatının daha keyfiyyətli şəkildə təmin edilməsi məqsədilə 10 kV-lik “Sarıçalı”, “Qaraqoyunlu”, “İsmayılbəyli” və 6 kV-lik “Qaradağlı” hava elektrik verilişi xətlərində zədəli naqillər yeniləri ilə əvəz edilmişdir.

Bu tədbirlər sırasına 10 kV-lik “Bəyimsarov”, “Xoruzlu” və “Seydimli” enerji daşıyıcıları da daxildir. Bu elektrik xətlərində naqillərin yeniləri ilə əvəz edilməsi ilə yanaşı, qüsurlu elektrik dayaqları yeniləri ilə əvəz edilmişdir.

Məlumat üçün bildirək ki, cari ilin 9 ayı ərzində 20 kilometrdən artıq 6-10 kV-lik EVX-də əsaslı və cari təmir işləri ğörülmüşdür.

Analoji tədbirlər “Seydimli”, “Qaraqoyunlu”, “Şəhriyar”, “Buruc” kəndlərini qidalandıran 0,4 kV-lik xətlərdə də yerinə yetirlmişdir. Mənbədən bildirilir ki, bu kəndləri əhatə etməklə 20 kilometrə yaxın 0,4 kV-lik EVX-lərdə əsaslı və cari təmir işləri aparılıb.

REŞ-in balans mənsubiyyətinə daxil olan “Ucar” elektrik şəbəkəsində də müvafiq tədbirlər uğurla yerinə yetirilmişdir. Qeyd edək ki, 10 kV-lik “Qazıqumlaq”, “Müsüslü”, “Təzəz Silyan”, 2-ci “Şəhər” hava elektrik verilişi xətlərində icra edilmiş müxtəlif təyinatlı təmir-bərpa işləri, eyniadlı ərazi vahidlərində enerji daşıyıcıların dayanıqlığını daha da artırmış iş qabiliyyətini daha da gücləndirmişdir.

Bundan əlavə Ucar şəhərində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar olaraq 0,4 kV-lik elektrik verilişi xətlərində 20-yə yaxın elektrik dayağı, 2000 metrdən artıq zədəli naqil yenisi ilə əvəz edilmişdir. Müvafiq tədbirlər Qülbəndə, Lək, Qazıqumlaq kəndlərində də həyata keçirilmişdir.

Mənbədən “Ağdaş” elektrik şəbəkəsində də bir sıra təmir-bərpa işlərinin yerinə yetirilməsi bildirilir. Belə ki, Şəbəkənin 10 kV-lik “Cardam”, “Abad” və “Maşad”, “Pirəncə”, “Şıxlı” hava elektrik verilişi xətlərində qüsurlu dayaqlar dəyişdirilmiş, rayon ərazisində əsən güclü külək nəticəsində sıradan çıxmış dayaqlararası naqillər bərpa edilmişdir. 4-cü “Şəhər” EVX-də isə dayaqların yenisi ilə əvəz edilməsi ilə yanaşı, çılpaq naqillər SİP kabelləri (175 metr) ilə əvəz edilmişdir.

Paralel olaraq şəhərin “Əmirxan”, “Orta Ləki”, “A.Ləki” kəndlərində həyətlərdə quraşdırılmış sayğacların küçəyə çıxarılması ilə əlaqədar burada olan 0,4 kV-lik çılpaq naqillər SİP və AVVQ markalı kabellərlə əvəz edilmişdir.

Qeyd edək ki, həyata keçirilən tədbirlər planı qarşıdan gələn qış fəslində fasiləsiz elektrik enerjisinin qarantıdır.