“ŞƏKİ” REŞ : MÖVSÜMÜ HAZIRLIQ UĞURLA YERİNƏ YETİRİLİR

Tarix : 31-10-11 07:55

Son vaxtlar "Şəki Regional Elektrik Şəbəkəsi"ndə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bölgənin enerji təsərrüfatında dayanıqlıq daha da artırılmışdır.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  elektrik enerjisi ilə təminatda dayanıqlığın daha da möhkəmləndirilməsi məqsədi ilə yarımstansiyalarda əsaslı və cari təmir işləri aparılıb.

Yenidənqurma işləri 110/35 kV-lik II “Şəki”, I, II “Zaqatala”, “Oğuz”, “Şorsu”, “Çeşməli”, “Taxılçılıq”, “Basqal” və “Muxax” hava elektrik verilişi xətlərində həyata keçirilmişdir. Belə ki, burada müvafiq olaraq müxtəlif sayda elektrik dayaqları və izolyatorlar yeniləri ilə əvəz edilmişdir. Bundan başqa EVX-lərin əhatə etdiyi  trassa  ağac və kollardan  təmizlənmişdir.

Analoji yenidənqurma işləri 110/35 kV-lik yarımstansiyalar üzrə də həyata keçirilmişdir. Bu tədbirlər sırasına 110/35/10 kV-lik “Əlibəyli”, “Bəhmətli”, “Balakən” yarımstansiyalarını daxil etmək olar. Mənbədən bildirilir ki, həyata keçirilən tədbirlər qış mövsümündə enerji daşıyıcılarının keyfiyyətli iş rejimini daha da sürətləndirəcək.

REŞ-in fəaliyyət dairəsinə aid olan “Çeşməli” yarımstansiyası da diqqətdən kənarda qalmamışdır. Enerji obyektindən daxil olan məlumatda buradakı 1,6 MVA-lıq transformatorun 35 kV-lik giriş yağ açarının dəyişdirildiyi də bildirilir.

REŞ-də yenidənqurma işləri ilə yanaşı yanğına qarşı giriş, ilkin, planlı və plandan kənar təlimatlar, əks qəza məşqləri keçirilib.

Paralel olaraq bütün yarımstansiyaların əraziləri otlardan təmizlənmiş, ilkin yanğınsöndürmə vasitələrinə baxışlar keçirilmiş, inventarların saxlanma qaydaları yoxlanılmışdır.