GÖRÜLMÜŞ TƏDBİRLƏR NƏTİCƏ VERİR

Tarix : 28-10-11 07:00

 

İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Şəbəkələrin bərpası və yenidən qurulmasından başqa, elektrik enerjisinin uçotunun nizama salınması proqramına uyğun olaraq ilkin ödənişli kartlar vasitəsilə elektrik enerjisindən istifadəyə görə müasir ödəmə sistemi də tətbiq edilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Gəncə” elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 27 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 439,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 26,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 89 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin 9 ayı ərzində müəssisənin xidməti ərazisində sözügedən qayda pozuntusuna görə 113 akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 1 milyon 346,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 80,8 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 79 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.

“Tovuz” EŞ-dən verilən məlumata görə, burada cari ilin sentyabr ayında keçirilmiş reydlər zamanı 40 istehlakçının sayğacın uçot komplektini pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 99,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 6 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 52 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 9 ayı ərzində keçirilmiş reydlər nəticəsində aşkar edilmiş qayda pozuntularına görə 423 ədəd akt tərtib olunmuşdur. Nəticədə 2 milyon 227,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 133,6 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğin 68 faizə yaxın hisəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.

“Gədəbəy” EŞ-in xidməti ərazisində isə cari ilin sentyabr ayında keçirilmiş reydlər zamanı 4 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 5,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 351 manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, 2011-ci ilin 9 ayı ərzində keçirilmiş reydlər zamanı burada 82 qayda pozuntusu faktı aşkar edilərək 214,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 12,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 42 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, sözügedən EŞ-lərdə istehlakçıların qayda pozuntularına görə cari ilin 9 ayı ərzində Gəncə EŞ-dən 14, Tovuz EŞ-dən isə 4 istehlakçının sənədləri tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir.