“AZƏRBAYCAN ELEKTRİK ENERJİSİ SİSTEMİ 20 İLDƏ” ADLI KONFRANS KEÇİRİLMİŞDİR

Tarix : 17-10-11 00:00

 

Oktyabrın 15-də “Azərenerji” ASC-nin İdarə aparatında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan elektrik enerjisi sistemi 20 ildə” adlı konfrans keçirilmişdir.

”Azərenerji” ASC-nin Mətbuat xidməti bildirir ki, tədbir iştirakçıları əvvəlcə SC binasında Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər.

Səhmdar Cəmiyyətin prezidenti Etibar Pirverdiyev Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Dövlət müstəqilliyinin çox mürəkkəb tarixi və siyasi şəraitdə bərpa edildiyini xatırladan natiq, yalnız 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra dövlət quruculuğu sahəsində konkret addımlar atıldığını bildirdi.
Ulu Öndərin müəyyənləşdirdiyi yeni neft strategiyasının uğurlarından söz açan natiq onu da vurğuladı ki, Ümummilli liderimizin on illik rəhbərliyi dövründə müstəqil Azərbaycan əsrə bərabər inkişaf yolu qət etmişdir. Ötən iyirmi il ərzində ölkəmizin elektrik enerjisi sistemi də böyük inkişaf yolu keçdiyini, bu sahədə hələ ötən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılmış möhkəm potensial əsasında Azərbaycanın müstəqil enerji sisteminin formalaşmasını qeyd edən SC-in prezidenti onu da vurğuladı ki,
Ulu Öndərin müəyyənləşdirdiyi strategiyanı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirərək Azərbaycanın elektrik enerjisi sistemində mühüm islahatlar və geniş miqyaslı quruculuq işləri həyata keçirir. Bütün bunların nəticəsində son 7 il ərzində respublikamızda 11 elektrik stansiyası tikilərək 1500 MVt-dan artıq yeni generasiya gücləri istismara verilmiş və mövcud stansiyaların yenidənqurulması nəticəsində 600 MVt əlavə güc artımı əldə edilmişdir. Qeyd edək ki, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz elektrik enerjisi idxalından azad olmuş, ölkə enerjisisteminin təhlükəsizliyi təmin edilmişdir. Eyni zamanda, mövcud stansiyalar modernləşdirilmiş, dünya standartlarına cavab verən müasir qurğu və avadanlıqlarla təchiz edilmişdir. Nəticədə stansiyaların faydalı iş əmsalı artmış, 1 kVt-saat elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın miqdarı əhəmiyyətli dərəcədə azalmışdır.

Yeri gəlmişkən, tədbirdə son 20 ildə respublika elektrik enerjisi sistemində görülmüş işlər və əldə olunmuş nailiyyətlər ətraflı təhlil olundu. Daha sonra müstəqil Azərbaycanın elektrik enerjisi sisteminin inkişafına həsr olunmuş film nümayiş etdirildi.