“İMİŞLİ” YARIMSTANSİYASINDA YENİDƏNQURMA İŞLƏRİ DAVAM ETDİRİLİR

Tarix : 17-10-11 00:00

 

Bütün enerji obyektlərində olduğu kimi “İmişli Regional Elektrik Şəbəkəsi”nin xidməti ərazisində də yerləşən bütün yarımstansiyalarda, transformator məntəqələrində, o cümlədən, komplekt transformator məntəqələrində və elektrikötürücü xətlərdə payız-qış mövsümünə hazırlıq işləri əsasən başa çatmışdır. Avadanlıqların iş səmərəliliyinin artırılması məqsədilə bir sıra əsaslı təmir və texniki təftiş işləri aparılmış, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin sabit və dayanıqlı işləməsi, istismar səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. O cümlədən, 330 kV-lik “İmişli” yarımstansiyasında 2 saylı 240 MVA transformator sxemə qoşularaq istismara verilmişdir. Hazırda bu yarımstansiyada 1 saylı transformatorun yenisi ilə əvəz edilməsi işlərinə başlanıb.

Sözügedən müəssisədən görülmüş işlər barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 110 kV-lik “Sarıcalar” yarımstansiyasında 25 MVA transformator quraşdırılmış, onun eyni gərginlikli və 35 kV-lik yağ açarları təmir olunmuşdur. Hazırda mühafizə dövrələrinin yığılması işləri aparılır və bu işlər başa çatdıqdan sonra yaxın vaxtlarda transformator istismara veriləcəkdir.

Qeyd edək ki, 110 kV-lik “Ağcabədi” yarımstansiyasında da təmir qrafikinə uyğun olaraq 2 saylı 40 MVA-lıq transformator təmir edilmişdir. Eyni zamanda 1 və 2 saylı transformatorların 10 kV-lik girişlərində yağ açarları müasir tipli vakuum açarlarla əvəz edilmişdir. Analoji iş 35 kV-lik hissədə də həyata keçirilmişdir. Hazırda yarımstansiyanın birinci bölməsində 110 və 35 kV-lik hissələrdə genişləndirmə və yenidənqurma işləri davam etdirilir.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda 110 kV-lik “Böyük Haramı” yarımstansiyasının genişləndirilməsi layihəsi çərçivəsində müasir tələblərə cavab verən yeni akkumlyator otağının tikintisinin başa çatması, eyni zamanda 35 kV-lik “Axtaçı” yarımstansiyasında 3,2 MVA-lıq transformatorun əsaslı təmir edilməsi də qeyd edilir.

Yeri gəlmişkən, cari ilin son üç ayı ərzində elektrik şəbəkələrinin balansında olan transformator məntəqələrinin 264 ədədində təmir işləri aparılmışdır.

“Enerjinin ötürülməsi sistemlərinin sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir” – deyən mənbə əlavə etdi ki, sistemtəşkiledici 330 kV-lik “III Şirvan” hava xəttində (HX) izolyatorlar yenisi ilə əvəz edilmiş, üç dayaqda isə rəqssöndürücülər bərpa edilmişdir. Eyni zamanda dayaqların ətrafı və xəttin trassası yaşıl kütlələrdən təmizlənmişdir. Analoji işlər “III İmişli”, “Parsabad”, “I Sabirabad” və “I Kürdəmir” HX-lərdə də həyata keçirilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, 330 kV-lik “İmişli” yarımstansiyasından çıxan 35 kV-lik “Qaralar” HX-də iki ədəd dayaq yenisi ilə əvəz edilmişdir. Eyni zamanda 35 kV-lik “Zərdab-Əlvən” HX-də 4 dayaq arasında aşırımlarda qabaritin normal hala gətirilməsi üçün 2 ədəd yeni dayaq quraşdırılmışdır. Bütün bunlarla yanaşı, 10 kV-lik EVX-lərdə də dayaqlar dəyişdirilmiş, düyün nöqtələrində itkilərin qarşısının alınması məqsədilə yükə uyğun naqillər dəyişdirilmiş, trassa boyu xəttə yaxınlaşan yaşıl kütlə təmizlənmiş və digər məqsədyönlü işlər də həyata keçirilmişdir.

Mənbə onu da bildirdi ki, digər enerji obyektləri kimi burada da yanğın təhlükəsizliyi tədbirləri daim diqqət mərkəzindədir. Mütəmadi qabaqlayıcı tədbirlər həyata keçirilir. O cümlədən, 110 kV-lik “Ağcabədi” yarımstansiyasında qəza yağ anbarının tikintisi başa çatdırılmış, 1 və 2 saylı transformator arasında istinad divarı inşa edilmişdir. Eyni zamanda EVX-lərin mühafizə zonaları və yarımstansiyaların əraziləri quru otlardan, yağ tutumlu avadanlıqların ətrafı çirkli yağ örtüyündən təmizlənmiş, mühafizə avadanlıqlarının nəzarət və ölçü cihazları təftiş edilmiş və aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır.

Mənbənin verdiyi məlumata əsasən, sadalanan tədbirlərin yerinə yetirilməsi, enerji təsərrüfatlarının daha da dayanıqlı fəaliyyətinə zəmanət verən əsas amillərdəndir. Bunu nəzərə alaraq Şəbəkədən yenidənqurma işlərinin davam etdirilməsinin gündəlikdə duran əsas tapşırıqlardan biri olduğu bildirildi.