İSTİSMAR DİSPETÇER QRAFİKİNƏ UYĞUN APARILIR

Tarix : 21-02-11 00:00

 

Dövlət başçısının daimi diqqət və qayğısı sayəsində son illər ölkəmizdə ardıcıl və sistemli şəkildə həyata keçirilən bütün tədbirlər şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə təkan vermişdir. Son illər istismara verilmiş generasiya gücləri arasında məxsusi yeri olan “Səngəçal Elektrik Stansiyası” dispetçer qrafikinə uyğun şəkildə istismar edilir. Ümumilikdə stansiya işə buraxılandan hazırkı dövrə qədər (01.02.2011-ci ilə) burada istehsal olunan elektrik enerjisinin miqdarı 2 milyard 687,3 milyon kilovatsaatdan çoxdur. 
Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir.
Mənbənin bildirdiyinə görə, cari ilin yanvar ayında müəssisədə 135,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 1,8 milyon kilovatsaat çoxdur.
Qeyd edək ki, 2010-cu il ərzində isə burada 1 milyard 163,8 milyon kilovatsaat elektrik enerjisi proqnozuna qarşı 1 milyard 185,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, stansiyada ötən ildə olduğu kimi cari ilin yanvar ayında da digər texniki-iqtisadi göstəricilər üzrə də yüksək nailiyyətlər əldə edilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, stansiyada bütün işlər günün tələbləri səviyyəsində qurulub. Hazırda fəaliyyətdə olan aqreqatlar işlək vəziyyətdədir. Stansiyada istismar edilən aqreqatların işləmə rejiminə uyğun olaraq, hər maşının 500 saatlıq iş müddəti başa çatdıqdan sonra onlara növbəti texniki baxış keçirilir. Bu zaman istismar dövründə meydana çıxan qüsurlu hallar operativ şəkildə aradan qaldırılır və bir daha təkrar baxışdan sonra yenidən istismara buraxılır.
Yeri gəlmişkən, cari ilin yanvar ayında 2, 16 və 17 saylı aqreqatlarda növbəti texniki baxış keçirilmişdir. Təmir işləri isə müəssisədə təşkil olunmuş təmir briqadası tərəfindən həyata keçirilir.
Onu da qeyd etmək yerinə düşərdi ki, müəssisədə müasir tələblərə cavab verən işçi heyətinin formalaşmasına baxmayaraq, hazırkı vəziyyətdə də kadrların təkmilləşdirilməsi məsələsinə ciddi əhəmiyyət verilir. İşçilər vaxtaşırı olaraq xüsusi kurslara göndərilir və ya müəssisə daxilində mütəxəssislərin zəruri bilikləri daha dərindən mənimsəmələrinə diqqət yetirilir.
Xatırladaq ki, 18 aqreqatdan ibarət, ümumi gücü 300 MVt olan bu elektrik stansiyasını digər stansiyalardan fərqi ondadır ki, burada yanacaq kimi qaz, mazut və dizel yanacağından istifadə edilir. Elektrik stansiyası iqtisadi cəhətdən sürətlə inkişaf edən Bakı şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyini daha da möhkəmləndirmişdir.