“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Tarix : 26-07-17 12:00

 Səngəçal-2” elektrik stansiyası layihəsi ilə bağlı ictimai dinləmələr keçirilib.

Azərbaycan Respublikasının elektrik enerjisi təminatının artan tələbata uyğun ödənilməsi məqsədilə yeni layihələrin həyata keçirilməsi enerjisistemin qarşısında duran ən vacib məsələlərdən biri hesab edilir. Bu xüsusda, Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal qəsəbəsində gücü 385 MVt olan yeni elektrik stansiyasının tikintisi layihəsinə hazırlıq işlərinin görülməsinə və Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirlərin Qiymətləndirilməsinə (ƏMSİSTQ) dair ictimai dinləmələr  təşkil olunub.

Cari ilin iyul ayının 25-də Səngəçal elektrik stansiyasında bununla əlaqədar ictimaiyyət nümayəndələri ilə ilkin dinləmələr keçirilib. İctimai dinləmələrdə “Azərenerji” ASC-nin rəsmi şəxsləri ilə yanaşı, yerli icra orqanının, bələdiyyənin nümayəndələri, inşa olunacaq stansiyanın yaxınlığında yaşayan sakinlər, “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin mütəxəssisləri və stansiyada quraşdırılacaq avadanlıqları istehsal edən şirkətin cavabdeh şəxsləri iştirak edib.

İctimai dinləmələrdə birmənalı şəkildə bildirilib ki, bu layihənin həyata keçirilməsində əsas məqsəd və vəzifə ölkənin enerji təhlükəsizliyinin qorunmasına, əhalinin rifah halının yüksəldilməsinə və ekoloji cəhətdən təmiz istehsalat müəssisəsinin yaradılmasına töhfə verməkdir.