“AZƏRENERJİ” ASC-DƏ STRATEJİ YOL XƏRİTƏSİNİN TƏDBİRLƏR PLANINA UYĞUN İŞLƏR APARILIR

Tarix : 15-09-17 12:00

Azərbaycan Respublikasının Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı ilə digər sahələrdə olduğu kimi “Azərenerji” ASC-də yeni keyfiyyət mərhələsinə qədəm qoyub və görülən işlər eyni zamanda Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun aparılır.

“Azərenerji” ASC-nin elektrik stansiyalarında, yarımstansiyalarında, elektrik verilişi xətlərində 2017/2018-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı yenidənqurma, əsaslı, orta və cari təmir işlərinin  aparılmasına dair kompleks tədbirlər planının icrası davam etdirilir. Bunlar Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində icrası nəzərdə tutulan elektrik stansiyalarının səmərəliliyinin artırılması və mövcud potensialdan səmərəli istifadə edilməsi, elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi verilişinin və paylanmasının keyfiyyətinin yüksəldilməsi kimi prioritet tədbirlərin tərkib hissəsidir.

Bu ilin ötən dövrü ərzində “Mingəçevir” SES-də 330 kV-lik açıq paylayıcı qurğu və  “Varvara” SES  yenidən qurulub, 1,5 MVt-lik “Balakən” və 1,6 MVt-lik “İsmayıllı-2” kiçik SES-ləri istismara verilib.

“Azərbaycan” İES və “Şirvan” İES-in enerji bloklarında əsaslı təmir, ”Sumqayıt” ES-in və ”Cə­nub” ES-in buxar-qaz avadanlıq­larının planlı təftişi aparılıb, profilaktik baxışlar keçirilib. 405 MVt-lik “Şimal-1” elektrik stansiyasının buxar-qaz turbin avadanlıqlarında təftiş keçirilməsi nəzərdə tutulub.

110-500 kV-lik yarımstansiyalarda təsdiq olunmuş təmir cədvəlinə əsasən, avadanlıqların əsaslı və cari təmir işləri yerinə yetirilib. 93 ədəd transformator,  314 ədəd  eleqaz  açarı, 268 ədəd vakuum  açarı əsaslı və cari təmir olunub. Yarımstansiyalarda fiziki və mənəvi cəhətdən köhnəlmiş  avadanlıqların yeniləri ilə əvəzlənməsi, müasir mühafizə, idarəetmə və avtomatika panellərinin quraşdırılması işləri davam etdirilir.

Avadanlıqlarda çatışmazlıqları müəyyənləşdirib aradan qaldırmaq üçün 130 ədəd  transformator və avtotransformatorda, 377 ədəd müxtəlif tipli açarlarda, 741 ədəd boşaldıcıda, 489 ədəd gər­ginlik və cərəyan transformatorlarında profilaktik sınaq-yoxlama işləri aparılıb.

500 kV-lik “Abşeron” yarımstansiyasında 3 saylı avtotransformatorun yeni tikilmiş 10 kV-lik qapalı paylayıcı qurğusu istismara verilib.

110-500 kV-lik elektrik verilişi xətləri üzrə 525,7 km-dən artıq hava xətti əsaslı təmir edilib.  220 kV-lik ikidövrəli  “Şimal” ES – “Zabrat” YS və “Şimal” ES – “Hövsan” YS hava xətlərinin tikinti işləri başa çatdırılmaq üzrədir.

Enerji müəssisələrinin payız-qış mövsümündə hazırlıq səviy­yəsi cari ilin noyabr ayında “Azərenerji” ASC-nin xüsusi komissiyası tərəfindən qiymətləndiriləcək və komissiyanın qərarı əsasında enerji müəssisələrinə “Qışa hazırlıq pasportu” veriləcəkdir.