“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Tarix : 13-10-17 12:00

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həm sovet dövründə, həm də müstəqillik illərində yaradılan elektroenergetika infrastrukturu Azərbaycan Respublikasının bugünkü enerji təhlükəsizliyi üçün mühüm təməl olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi mütərəqqi sosial-iqtisadi islahatlar nəticəsində enerjisistemin dayanıqlılığı daha da gücləndirilmiş, əhalinin və iqtisadiyyatın elektrik enerjisinə artan tələbatı tam ödənilməklə yanaşı, ölkəmiz elektrik enerjisinin ixracatçısına çevrilmişdir.

Yeni enerji obyektlərinin tikintisində müasir texnologiyaların tətbiqi nəticəsində enerjisistemdə təkcə kəmiyyət baxımından deyil, həm də keyfiyyət baxımından ciddi inkişafa nail olunmuşdur. Elektrik stansiyalarının faydalı iş əmsalı artmış, ekoloji təmizlik prinsiplərinə əməl edilmişdir.

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti məlumat verir ki, 2017-ci ilin 9 ayı ərzində enerjisistemdə 16 milyard 384,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da 2016-cı ilin eyni dövründəki istehsalla müqayisədə 229,1 milyon kilovat-saat çoxdur.

Cənubi Qafqaz regionunun ən böyük istilik elektrik stansiyası, o cümlədən, ölkəmizin ən böyük enerji istehsalçısı olan “Azərbaycan” İES ötən ili uğurla yekunlaşdırdığı kimi, cari ilin 9 ayını da diqqətəlayiq texniki-iqtisadi göstəricilərlə başa vurmuşdur. Belə ki,  cari ilin 9 ayında burada 6 milyard 286,4 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 1 milyard 547,3 milyon kilovat-saat artıqdır.

    Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin 9 ayında elektrik enerjisinin istehsalında Astara ES-də 22,1 milyon kilovat-saat, Xaçmaz ES-də 10,2 milyon kilovat-saat, Bakı ES-də 25,6 milyon kilovat-saat, Səngəçal ES-də 58,4 milyon kilovat-saat, “Şahdağ” ES-də 44,2 milyon kilovat-saat artım olmuşdur. SES-lər üzrə ən yüksək göstəricisi 12,4 milyon kilovat-saat olmaqla Mingəçevir SES-də qeydə alınmışdır.

Elektrik enerjisinin istehsalı üzrə bütün sahələrin normal fəaliyyətini davam etdirməsi üçün  tərtib edilmiş təmir qrafikinə uyğun olaraq stansiyalarda 9 ay ərzində müxtəlif təyinatlı  təmir işləri həyata keçirilmişdir. Bundan əlavə, köməkçi istehsalat sahələrində avadanlıq, bina və qurğularda təmir-profilaktika işlərinin aparılması təmin edilmişdir.

Yanğına qarşı təhlükəsizlik tədbirləri də daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq daxili yanğınsöndürmə su xətləri və nasosxana, həmçinin avtomatik yanğınsöndürmə sistemləri saz vəziyyətə gətirilmiş, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar belə aradan qaldırılır, mütəmadi olaraq yanğına qarşı əks-qəza məşqləri keçirilir. 

Hazırda “Azərenerji” ASC-nin bütün istehsal müəssisələrində “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyənləşdirilmiş prioritetlərin icrası istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu tədbirlər elektrik stansiyalarının səmərəliliyinin artırılmasına və mövcud potensialdan səmərəli istifadə olunmasına yönəldilmişdir.