“AZƏRENERJİ” ASC-DƏ PAYIZ-QIŞ MÖVSÜMÜNƏ HAZIRLIĞA DAİR HESABAT-MÜŞAVİRƏ KEÇİRİLİB

Tarix : 06-12-17 15:00

Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında vacib əhəmiyyətli rolu olan elektrik enerjisi sektorunda həyata keçirilən məqsədyönlü davamlı islahatlar nəticəsində enerjisistemin generasiya gücləri yüksək dərəcədə artırılıb, ötürücü və idarəetmə infrastrukturunun təkmilləşdirilməsi, eyni zamanda innovativ texnologiyaların tətbiqi ilə müasir tələblərə uyğun inkişafı istiqamətində zəruri addımlar atılır.

İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində hər mövsümə uyğun genişmiqyaslı tədbirlər reallaşdırılır.

“Azərenerji” ASC-də “Enerji müəssisələrinin 2017/2018-ci ilin payız-qış mövsümünə hazırlığı haqqında” əmrin yerinə yetirilməsinin müzakirəsi, qiymətləndirilməsi və  “Hazırlıq Pasportu”nun verilməsi üzrə İşçi Komissiyanın növbəti hesabat-müşavirəsi keçirilib.

Müşavirədə “Azərenerji”ASC-nin rəhbərliyi, aparatın və elektrik  stansiyalarının, regional  elektrik şəbəkələrinin, yüksək  gərginlikli  elektrik  şəbəkəsinin məsul şəxsləri iştirak ediblər.

Enerji müəssisələrinin 2017/2018-ci ilin payız-qış mövsümünə hazırlığı barədə məsul şəxslər çıxış edərək payız-qış mövsümünə planlaşdırılan tədbirlərin icra vəziyyəti ilə bağlı ətraflı məlumat veriblər.

Sonda cari ilin sonuna qədər icrası davam edən tədbirlərin enerji müəssisələrində başa çatdırılması ilə əlaqədar yekun qərar qəbul edilərək müvafiq tapşırıqlar verilib.

Əminliklə bildirildi ki, Azərbaycan enerji sisteminin 2017/2018-ci illərin payız-qış mövsümünün problemsiz, müvəffəqiyyətlə keçməsi üçün kollektiv var qüvvəsini əsirgəməməli, bu vəzifənin öhdəsindən layiqincə gəlinməlidir.