“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Tarix : 16-12-17 15:00

Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində III Məzun-Karyera sərgisi keçirilib. Ali məktəb ilə sənaye müəssisələri arasında əlaqələrin genişləndirilməsi, məzunların öz ixtisaslarına uyğun işlə təmin olunmasına şərait yaradılması məqsədi daşıyan sərgidə “Azərenerji” ASC də iştirak edib.

III Məzun-Karyera sərgisinə Səhmdar Cəmiyyətin tarixi inkişaf yolu, elektrik enerjisinin istehsalı imkanları, müasir ötürmə və idarəetmə sistemi, həmçinin strateji hədəfləri barədə ətraflı təsəvvür yaratmaq üçün hazırlanmış çap məhsulları sərgi iştirakçılarına təqdim olunub.

“Azərenerji” ASC III Məzun-Karyera Sərgisinə 23 boş vakant vəzifə təklif edib. Ümumən, Sumqayıt, İsmayıllı, Balakən, Lerik və Göygöl şəhər-rayonlarını əhatə edən, əsasən, “Elektrik mühəndisi” ixtisasından ibarət iş yerləri barədə tələbə-məzunlara ətraflı məlumat verilib.

Gələcəkdə öz karyerasını “Azərenerji” ASC-də qurmaq istəyən tələbə-məzunlara işə qəbul qaydaları izah edilib, onları maraqlandıran suallar cavablandırılıb.