“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Tarix : 25-05-18 11:00

“Azərenerji” ASC-də əməyin mühafizəsinin təşkilinə və texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinə xüsusi diqqət və qayğı göstərilir. Energetika müəssisələrində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsinin, bədbəxt hadisələrin qarşısının alınmasının, dövri tibbi müayinələrin, təhlükəsizlik texnikası günlərinin, əks-qəza məşqlərinin, əməyin mühafizəsi üzrə illik nomenklatur tədbirlər planının yerinə yetirilməsinin, işçi heyətinin təlimatlandırılması və bilik-bacarıqlarının artırılması sahəsində aparılan işlərin nəticəsi ilə bağlı hər il müsabiqə-baxış təşkil olunur.

“Azərenerji” ASC rəhbərliyinin müvafiq əmrinə əsasən, ötən ilin aprel ayından başlayaraq dekabr ayının sonunadək bütün energetika müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə dair sayca 12-ci müsabiqə-baxış keçirilib. Müsabiqə-baxışda Enerji İstehsalı İdarəsindən 8, Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən 5, enerjisistemin digər strukturlarından isə 2 müəssisə iştirak edib. Səhmdar Cəmiyyətin əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə xidməti il ərzində yerlərdə baxış keçirərək, həmin müəssisələrin baxış-müsabiqənin tələblərini qaydalara uyğun yerinə yetirmələrini yoxlayıb. Müsabiqənin yekunlarına dair məlumatlar qaliblərin müəyyən edilməsi üçün bu ilin mart ayında müvafiq komissiyaya təqdim edilib.

Komissiya bu il mayın 22-də Səhmdar Cəmiyyətin müəssisələrində 2017-ci il ərzində Əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə dair müsabiqə-baxışa yekun vurub. Komissiya müəssisələr tərəfindən təqdim olunmuş sənədləri, məlumat və arayışları təhlil edərək, müsabiqə-baxışın Əsasnaməsi çərçivəsində iştirakçılar tərəfindən görülən işləri qiymətləndirib.

Müsabiqə-baxışın yekunu haqqında çıxarılan yekdil qərara əsasən, enerjiistehsal müəssisələrindən“Azərbaycan” İES 1-ci, “Sumqayıt” ES  və “Şəki” ES isə 2-ci yerə layiq görülüb. Elektrik enerjisinin ötürülməsi müəssisələrindən 1-ci yeri “Sumqayıt” YGEŞ, 2-ci yeri “Şirvan” REŞ və “Gəncə” REŞ tutub. Sahə xidmət müəssisələrindən isə “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC 1-ci yerə layiq görülüb.