""AZƏRENERJİ" ASC: TARİXİ İNKİŞAF YOLU VƏ STRATEJİ HƏDƏFLƏRƏ DOĞRU" MÖVZUSUNDA FƏRDİ YAZI MÜSABİQƏSİNİN MÜKAFATLANDIRMA MƏRASİMİ KEÇİRİLİB

Tarix : 26-07-18 15:00

İyulun 26-da "Azərenerji" ASC-nin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə elan etdiyi "Azərenerji ASC: tarixi inkişaf yolu və strateji hədəflərə doğru" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb və qaliblər mükafatlandırılıblar.

Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, “Azərenerji” ASC prezidentinin müşaviri, Energetika İnstitutunun direktoru, akademik Arif Həşimov, Səhmdar Cəmiyyətin məsul əməkdaşları, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan icraçı direktor Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2009-cu ilin aprelində ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə yaradıldığını xatırladıb. İcraçı direktor Fondun ötən 9 ildə ölkədə fikir, söz və məlumat azadlıqlarının inkişaf etdirilməsinə, çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, eləcə də sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı layihələr həyata keçirdiyini bildirib.

Vüqar Səfərli mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edən tədbirlərin, eləcə də birgə fərdi yazı müsabiqələrinin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. İcraçı direktor, həmçinin, bildirib ki, “Azərenerji” ASC ilə birgə keçirilən müsabiqənin məqsədi Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin davamlı olaraq təmin edilməsi, mövcud resurslardan səmərəli istifadə olunması və elektrik enerjisinə artan tələbatın ödənilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi ilə əlaqədar reallaşdırılan tədbirlərin, habelə ölkənin sosial-iqtisadi inkişafında elektrik enerjisinin yeri və rolunun ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

İcraçı direktor, yekun nəticələrə əsasən, yazı müəlliflərindən 6 nəfərin əsas, 10 nəfərin həvəsləndirici mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb. İcraçı direktor müsabiqəyə sənəd verən, lakin qaliblər sırasına düşməyən müsabiqə iştirakçılarının da diqqətdən kənarda qalmadığını, “Azərenerji” ASC-nin rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən, onların da mükafatlandırılacağını bildirdi.

Tədbirdə çıxış edən “Azərenerji” ASC prezidentinin müşaviri akademik Arif Həşimov mətbuat nümayəndələrini salamlayaraq, onlara yaradıcı fəaliyyətlərində uğurlar arzulayıb. O, Fondla birgə keçirilən müsabiqənin kütləvi informasiya vasitələri ilə “Azərenerji” ASC arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Arif Həşimov Azərbaycanda energetika sisteminin tarixi, sovetlər birliyi dövründəki inkişaf yolu və müstəqillik illərində əldə etdiyi uğurlu nəticələrdən söz açıb. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müstəqil enerji siyasətinin formalaşdırılması istiqamətində bütün zəruri tədbirlərin həyata keçirildiyini, bu sahənin inkişafının daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

Tədbiri yekunlaşdıran icraçı direktor Vüqar Səfərli media ilə səmərəli əməkdaşlığa görə “Azərenerji” ASC-nin rəhbərliyinə təşəkkürünü çatdırıb və belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyinə inamını ifadə edib.