AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİNİN SƏRƏNCAMI

Tarix : 31-10-18 09:00

“Azərbaycan” İstilik Elektrik Stansiyasının infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchiz olunmasında və ölkənin elektrik enerjisi sistemində xüsusi yer tutan “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı aparılmış araşdırmalar nəticəsində stansiyanın fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması və infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan” İstilik Elektrik Stansiyasında və yarımstansiyalarında əsaslı təmir-quraşdırma işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 48,0 (qırx səkkiz) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il.