Bakının enerjİ etİbarlığı artırıldı. “Azərenerjİ” bİrbaşa Şİrvan şəhərİndən çəkİlən yüksəkgərgİnlİklİ xəttİ İstİsmara verdİ

Tarix : 27-05-19 12:50

“Azərenerji” ASC Bakı şəhərinin elektrik enerji təchizatının etibarlığı və dayanıqlığını gücləndirmək üçün Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasından “Xırdalan” yarımstansiyasına 330 kV-luq bazada çəkdiyi 220 kV-luq yüksək gərginlikli elektrik verilişi xəttində işləri yekunlaşdırıb və xətt istismara verilib.
Yeni xəttin çəkilməsi paytaxta birbaşa generasiya mənbəyindən əlavə xəttin gətirilməsini təmin edərək etibarlığı daha da artırıb. Belə ki, indi Mingəçevir və ya Səngəçaldakı elektrik stansiyalarından qidalanaraq şəhərə daxil olan yüksəkgərginlikli xətlərdə hansısa problem yaranarsa, Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasından birbaşa çəkilən yeni xətt Bakı və Abşeron yarmadasının enerji təchizatında xüsusi rol oynayacaq. Bundan əlavə yeni xətt istismara verildiyinə görə şəhərə daxil olan digər yüksəkgərginlikli xətləri açmaq və yükü digər xəttin üzərinə keçirməklə şəhərə verilən enerjini dayandırmadan onların üzərində təmir-bərpa işləri aparmaq mümkün olacaq.
Qeyd edək ki, 2 dövrəli olmaqla 108 km məsafədə, 330 kV-luq dayaqlarla çəkilən 220 kV-luq “Cənub-Xırdalan” hava xətti gələcəkdə 330 kV-luq gərginlik sinifinə keçiriləcək.