Sumqayıt Elektrİk Stansİyasında 750 metr uzunluğunda estakada tİkİlİr. “Azərenerjİ” Xəzərdə su səvİyyəsİnİn düşməsİnə görə qabaqlayıcı tədbİrlər görür

Tarix : 25-09-19 13:40

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi “Sumqayıt” Elektrik Stansiyasını işini dayandırmaq təhlükəsi ilə üzləşdirib. Buna səbəb 2004-cü ildə “Sumqayıt” Elektrik Stansiyası layihələndirilərkən dəniz səviyyəsinin düşmə ehtimalının nəzərə alınmaması və nəticədə suyun səviyyəsinin mənfi 27,5 metrdən 28,3 metrə qədər aşağı düşməsidir. “Azərenerji” ASC həmin stansiyada yaranmış problemi vaxtında aradan qaldırmaq məqsədi ilə ötən ilin payızından başlayaraq xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirələr aparıb. Yekunda sahildən Xəzər dənizinin içərisinə doğru soyuq suyun 5 metr dərinlikdən götürülməsinə imkan verən 750 metr məsafədə estakada qurmağa qərar verilib. Bununla da ilk dəfə MDB məkanında soyutma suyunun kaskad vasitəsi ilə sakitləşdirici kanala və oradan isə stansiyaya ötürülməsi sistemi yaradılacaq. Artıq neçə müddətdir işlərə başlanılıb və növbəli iş prinsipi əsasında fasiləsiz olaraq davam etdirilir. İşlər qrafik əsasında 8 ay müddətində başa çatdırılacaq və stansiyaya Xəzər dənizinin dərinliyindən su veriləcək.

Qeyd edək ki, ötən ilin payızından başlayaraq bu günə qədər “Sumqayıt” Elektrik Stansiyasında xarici və yerli mütəxəssislərin iştirakı ilə təmir-bərpa işləri aparılıb və stansiyanın etibarlığı artırılıb.