MƏSULIYYƏTLƏ ÇALIŞIRLAR
Öz müalicəvi nefti ilə bütün dünyada tanınan Naftalan şəhərində respublikamızın nümunəvi elektrik şəbəkəsi qurulub. Ölkə rəhbərliyinin qayğısı nəticəsində bütövlükdə Naftalan şəhərinin infrastrukturu yenidən qurulur və bu sırada elektrik şəbəkəsinin xidməti də son nailiyyətlərə əsaslanır. Naftalan şəhərinə və Qasımbəyli kəndinə SİP kabeli çəkilib və smart-kart tipli sayğaclar quraşdırılıb. Qaşaltı kəndindəki abonentlərin smart-kart tipli sayğaclarla təchiz edilməsi istiqamətində tədbirlər görülür.
Naftalan Elektrik Şəbəkəsindən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, Naftalan şəhəri və tabeliyindəki kəndlər 110 kV-lik “Naftalan” yarımstansiyasından qidalanır. Yarımstansiyada yenidənqurma işləri aparılıb. Müasir tipli 110 kV-lik eleqaz açarları ilə yanaşı, əlavə, ikinci 16 MVA gücündə yeni trasformator qoyulub. Bununla yanaşı, yarımstansiyanın 10 kV-lik hissəsində müasir tipli çıxış yuvaları - 10 kV-lik eleqaz açarları da quraşdırılıb. 110 kV-lik yarımstansiyadan 13 ədəd 10 kV-lik, 2 ədəd 35 kV-lik, 2 ədəd 110 kV-lik elektrik verilişi xətti qidalanır.
Yeri gəlmişkən bildirək ki, bu yarımstansiyadan Goranboy rayonunun 30-35 faizi elektrik enerjisi ilə təmin olunur.
Mənbəyə istinadən qeyd edək ki, şəbəkədə yenidənqurma işləri vüsət alıb. 10 və 0,4 kV-lik xətlər təzələnir. Hər bir xətdən 4 kilometrə qədəri hava EVX-dən yeraltı xətlərə keçirilib ki, bu da təhlükəsiz və fasiləsiz enerji verilişinin ən yaxşı təminatıdır. İyul ayında 2 ədəd 63 KVA trasformator əsaslı təmirdən çıxarılıb. Qaşaltı kəndində 0,4 kV-lik xətlərin 2,1 kilometri əsaslı təmir olunub. 10/04 kV-lik transformator məntəqəsindən 9-da təmir işləri aparılıb. Yenidənqurma ilə əlaqədar 1140 metr 10 kV-lik yeraltı kabel xətti çəkib. 12 transformator məntəqəsi tikilir və buraya yeni avadanlıqların gətirilməsi gözlənilir.