TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR
Digər enerji obyektlərində olduğu kimi Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, İsmayıllı və Qəbələ elektrik şəbəkə rayonlarında da istehlakçıların elektrik enerjisi təchizatında yaranacaq hər hansı bir problemin qarşısının vaxtında alınması məqsədilə ənənəvi olaraq yarımstansiya və elektrik verilişi xətlərində təmir-bərpa və yenidənqurma işləri həyata keçirilir.
Sözügedən elektrik şəbəkələrini əlaqələndirən “Şəki Regional Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin balans mənsubiyyətinə aid olan 35 kilovoltluq və ondan yuxarı gərginlikli EVX-lərdə cari ilin son üç ayı ərzində həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı naqillər təmir edilmiş və yenisi ilə əvəzlənmiş, izolyatorlar dəyişdirilmişdir. Buna misal olaraq 110 kV-lik I və II Şəki, Zaqatala, Bəhmətli, 35 kV-lik Oğuz, Dəhnə, Muxax hava xətlərində (HX) görülmüş işləri göstərmək olar. Bütün bunlarla yanaşı 110 kV-lik İsmayıllı, 35 kV-lik Taxılçılıq, A.Göynək və İvanovka HX-lərində dayaqların yenisi ilə əvəzlənməsi işləri də həyata keçirilmişdir.
Qeyd edək ki, sözügedən dövrdə texniki göstəricilərin daha da yaxşılaşdırılması məqsədilə müəssisənin balans mənsubiyyətinə aid olan 110 kV-lik Əyriçay, Qubaxəlilli, Katex, 35 kV-lik Muxax, Danaçı, Qax və digər yarımstansiyalarında və onun yardımçı avadanlıqlarında əsaslı və cari təmir işləri yerinə yetirilmişdir. Təmir-bərpa işlərinə yağ və vakkum açarlarının, ayrıcıların əsaslı təmiri, yarımstansiyanın torpaqlanma konturunun bərpası və digər işlər daxildir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə isə, müəssisənin balans mənsubiyyətinə aid olan 35 kV-lik K.Dəhnə, Taxılçılıq, Çeşməli və digər yarımstansiyalarda həyata keçirilmiş analoji təmir işləri ilə paralel olaraq ümumi gücü 19 MVA-dan artıq olan 7 ədəd transformatorda təmir edilmişdir.
“Bunlardan əlavə, xətlərdə baş verən enerji itkisinin qarşısının alınması məqsədilə də müəyyən tədbirlər həyata keçirilmişdir” – deyən mənbə yanğın təhlükəsizliyi tədbirləri barəsində də məlumat verərək bildirdi ki, yay mövsümünün başlanması və havaların kəskin istiləşməsi ilə əlaqədar olaraq yanğın təhlükəsizliyi tədbirləri daha da gücləndirilmişdir. Belə ki, EVX-lərin mühafizə zonaları və yarımstansiyaların əraziləri quru otlardan, yağ tutumlu avadanlıqların ətrafı çirkli yağ örtüyündən təmizlənmişdir. Eyni zamanda mühafizə avadanlıqlarının nəzarət və ölçü cihazları təftiş edilmiş və aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır.
Mənbədən daxil olan məlumata görə, fövqəladə hallar nəzərə alınmazsa, müəssisə avadanlıqların texniki göstəriciləri baxımından iqlim şəraitinə tam hazırdır.
Yeri gəlmişkən, icrası reallaşdırılan tədbirlər enerji ötürücülərində dayanıqlığın yüksək səviyyədə təmin edilməsinə geniş imkanlar açır.