SABİRABAD EŞ: TEXNİKİ TƏDBİRLƏR GÜCLƏNDİRİLİR

Image

“Qarşıda duran ən mühüm vəzifə, istehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanılması, kommersiya itkilərinin qarşısının alınması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faizə çatdırılmasıdır. Bununla əlaqədar mütəmadi reydlərin keçirilməsinə və digər təşkilatı tədbirlərə baxmayaraq hələ də bu və ya digər şəkildə  sayğac sxeminə müdaxilə, kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə halları var. Məqsədimiz bu pozuntu faktlarını vaxtında aşkar edərək onların qarşısını almaqdır” – deyən Sabirabad Elektrik Şəbəkəsinin məsul işçisi elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə keçirilmiş reydlər zamanı aşkar edilmiş nöqsanlar barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verdiyi məlumata görə, cari ilin iyul ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 100-ə yaxın qayda pozuntusu faktı aşkar edilmişdir. Nəticədə 543,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 32,6 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğ əsasən ödənilmişdir.

Mənbəyə istinadən qeyd edək ki, cari ilin 7 ayı ərzində isə burada 970-dən artıq anoloji fakt qeydə alınaraq 5 milyon 757,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 345,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 35 faizə yaxın hissəsi ödənilmiş və qalıq hissənin ödənilməsi üçün tədbirlər görülür.

“Müəssisəmizin balans mənsubiyyətinə aid olan yarımstansiyalarında, transformator məntəqələrində və ya komplekt transformator məntəqələrində yenidənqurma işləri mütəmadi davam etdirilir. Yanğın təhlükəsizliyi tədbirləri, yanğından mühafizə sistemlərində avtomatik qurğuların quraşdırılması işləri günün tələbləri səviyyəsində yerinə yetirilir. Bunlardan əlavə, baş verə biləcək qəzaların, yanğın və digər xoşagəlməz hadisələrin qarşısının əvvəlcədən alınması üçün zəruri tədbirlər durmadan həyata keçirilir”-deyən mənbə əlavə etdi ki, cari ilin son üç ayı ərzində xidməti ərazidə olan transformator məntəqələrində həyata keçirilmiş təmir işləri zamanı müxtəlif gücdə 30-a yaxın transformator təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.

Mənbəyə istinadən onu da bildirək ki, sözügedən dövrdə 10 və 0,4 kV-lik EVX- lərin 7,7 kilometrə yaxın hissəsi təmir edilmişdir. Hazırda yenidənqurma və təmir işləri davam etdirilir.