İSTEHLAKÇILARIN TƏLƏBATLARI DOLĞUN ŞƏKILDƏ ÖDƏNILIB

Image

Qəbələ rayonunda elektrik enerjisi ilə təminatda dayanıqlığın təmin edilməsi məqsədi ilə bu il yarımstansiyalarda mühüm işlər həyata keçirilib, 16 transformator məntəqəsi əsaslı, 18-i isə cari təmir edilib. Bütün yarımstansiyaların əraziləri otlardan təmiz­lənib, ilkin yanğınsöndürmə vasitələrinə baxışlar keçirilib, inventarların saxlanma qaydaları yox­lanılıb.

Qəbələ Elektrik Şəbəkəsindən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, yenidənqurma işləri elektrik verilişi xətlərində də davam etdirilib. Belə ki, 10 kV-lik xətlərin 20,8 kilometrində təmir işləri həyata keçirilib, həmin xətlərdə xeyli sayda dayaq yenisi ilə əvəz olunub. 0,4 kV-lik xətlərin isə 23,3 kilometrində təmir işləri yerinə yetirilib, 83 dayaq yenisi ilə əvəz edilib. Həmçinin 130 ədəd yeni sayğac quraşdırılıb, 42 ədəd say­ğac yenisi ilə əvəz olunub, 7 kilometrə yaxın yeni SİP kabel çəkilib.

Mənbə onu da bildirdi ki, elektrik enerjisindən istifadə zamanı baş verən neqativ halların aşkarlanması üçün rayonda mütəmadi  reydlər keçirilir, belə hallara yol verən istehlakçılara qarşı ciddi tədbirlər görülür. Reydlər zamanı say­ğaclara kənar müdaxilələr, həmçinin kənar xətlərə qoşulmaqla elektrik enerjisindən sayğacdankənar istifadə halları aşkarlanır. Son üç ayda 171 fakt aktlaşdı­rılaraq  921 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 55 min 260 manat istehlak dəyəri bərpa edilib. Həmin məbləğdən bir qisminin ödənişi təmin olunub. Qalıq hissənin ödənilməsi is­tiqamətində müvafiq tədbirlər həyata keçirilir. Qayda pozuntusu halları daha çox Nic, Mıxlıqovaq, Kötüklü kəndlərində qeydə alınıb.

Yeri gəlmişkən, bayram günlərində istehlakçıların elektrik enerjisinə artan tələbatlarını təmin etmək üçün Qəbələ Elektrik Şəbəkəsində müvafiq tədbirlər həyata keçirilib və bütün imkanlar səfərbər edilib. Bu məqsədlə bütün elektrik verilişi xətlərinə və yarımstansiyalara növbədənkənar baxış keçirilib. Nəticədə istehlakçıların bayram günlərində elektrik enerjisinə artan tələbatları dolğun şəkildə ödənilib və bu istiqamətdə heç bir problem müşahidə olunmayıb.