ELEKTRİK ENERJİSİNDƏN QEYRİ-QANUNİ İSTİFADƏ HALLARININ QARŞISI ALINIR

Image

Digər elektrik şəbəkələrində (PEŞ) olduğu kimi, istehlakçıların “Elektrik Enerjisindən İstifadə Qaydaları”na (EEİQ) riayət etmələrinin yoxlanılması istiqamətində reydlər Zərdab EŞ-in xidməti ərazilərində də davam etdirilir.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə sözügedən müəssisədən daxil olan məlumata görə,  cari ilin iyul ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 10 istehlakçının elektrik enerjisindən qeyri-qanuni istifadə etməsi faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 87,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 5,2 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin yeddi ayı ərzində bu müəssisə üzrə 65-dən artıq qayda pozuntusu aşkar edilərək 164,4 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 9,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 73 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, sayğac uçot komplektinin “Elektrik Enerjisindən İstifadə Qaydaları”na uyğun xüsusi qutularda, baxış üçün maneəsiz yerdə  quraşdırılması və digər təşkilatı tədbirlərlə bağlı şəbəkələrdə aparılan yenidənqurma işlərindən söz açan mənbə onu da bildirdi ki, cari ilin son üç ayı ərzində 10 kV-lik “Şəhər-2”, “Sovxoz” və digər hava xətlərində həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı xətlərin 1,2 kilometri də təmir olunmuşdur. Eyni zamanda 0,4 kV-lik xətlərin də 470 metri təmir olunmuşdur.

Mənbəyə istinadən onu da qeyd edək ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan transformator məntəqələrində aparılan təmir işləri zamanı 25 transformator təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.

Mənbədən daxil olan məlumata istinadən qeyd edək ki, təsdiq edilmiş plan-qrafikdə nəzərdə tutulmuş və istismar zamanı mövcud olan digər təmir-bərpa işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində hazırda tədbirlər davam etdirilir.

Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı  yanğın təhlükəsizliyi məsələsi də daima diqqət mərkəzində saxlanılır. TM-lərin ərazisi quru otlardan təmizlənmiş və yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqılları yeni təmiz çınqıllarla əvəz edilmiş və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir

Sonda onu da bildirək ki, növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.