YENİDƏNQURMA İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

Uzunmüddətli istismardan sonra Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsində (SESS) yenidənqurma işlərinə başlamaq üçün 1981-ci ildə sərəncam imzalanmış, stansiyanı ikinci gəncliyinə qovuşdurmaq,  istehsal gücünü artırmaq üçün 1989-cu ildə bu işlərə başlanılmış və məlum hadisələrlə əlaqədar (keçmiş SSRİ-nin süqutu) stansiyada yenidənqurma işləri dayandırılmışdı.

Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra, müstəqil respublikamızın bütün sahələrində olduğu kimi, elektrik enerjisi sistemində də dönüşün əsası qoyuldu. Ölkə iqtisadiyyatının dirçəldilməsi və inkişafı üçün energetika qurğu və avadanlıqlarının təzələnməsi, yeni stansiyaların yaradılması mühüm istiqamətlərdən birinə çevrildi. Ulu Öndərimizin göstərişi ilə Mingəçevir SESS-in də yenilənməsi istiqamətində müvafiq addımlar atıldı.

Mingəçevir SESS-də  yenidənqurmanın tamamilə başa çatması üçün ölkə rəhbərliyi tərəfindən bu gün də müvafiq addımlar atılır və silsilədə yenidənqurma  davam edir...

Müəssisədən “Azərenerji” ASC nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, elektrik enerjisi istehsal edilməklə yanaşı,  yenidənqurma işləri də həyata keçirilir. Hazırda Mingəçevir SES-də 1 və 3 nömrəli hidroaqreqatlarda quraşdırma işləri davam edir. Suqəbuledicidə hidravlik qaldırıcılar və onun avadanlıqları quraşdırılır. Bununla yanaşı, 110, 220 və 330 kV-lik APQ-da və Baş İdarəetmə Şitinin yeni binasında tikinti işləri görülür.

Mənbəyə istinadən qeyd edək ki, silsilənin ikinci pilləsi sayılan Varvara SES-də güc transformatorlarının quraşdırılması üçün özüllər qoyulub. Xatırladaq ki, silsiləyə Mingəçevir SES və Varvara SES daxildir.