ŞƏBƏKƏNIN YENILƏŞDIRILMƏSI DAVAM ETDIRILƏCƏK

Image

Dağlar qoynunda yerləşən, mürəkkəb relyefi, sərt iqlim şəraiti ilə seçilən Xızı rayonunda istehlakçıların elektrik enerjisi ilə dayanıqlı təchizatını həyata keçirmək heç də asan iş deyil. Xüsusən də qış aylarında rayonun dağlıq ərazilərində ötürücü və paylayıcı şəbəkədə iqlim şəraiti ilə əlaqədar bəzən ciddi çətinliklər yaranır. Məhz buna görə də, qarşıdakı payız-qış mövsümünə indidən hərtərəfli hazırlıq görülür.

Rayon elektrik şəbəkəsindən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata görə, payız-qış mövsümünə hazırlıq tədbirləri əvvəlcədən hazırlanıb təsdiq edilmiş plan-qrafik üzrə davam etdirilir. Enerji təchizatçıları əmindirlər ki, hazırda çəkilən əziyyət, görülən qabaqlayıcı tədbirlər havaların sərt keçdiyi, sərfiyyatın artdığı qış aylarında mütləq müsbət təsirini göstərəcək. Bununla əlaqədar olaraq 35 kilovoltluq 7 yarımstansiyada əsaslı təmir işləri aparılıb. Transformator məntəqələrinin təmiri, elektrik verilişi xətlərinin tarım çəkilməsi, zərurət yaranan yerlərdə dayaqların düzəldilməsi, yaxud da yenisi ilə dəyişdirilməsi görülən işlərin tərkib hissəsidir.

Qeyd edək ki, ümumilikdə rayonun enerji təchizatı 61 transformator məntəqəsi, 35/10 kV-lik 7 yarımstansiya vasitəsilə reallaşdırılır. Bu  yarımstansiyalara 70,3 km xətt xidmət edir.

Mənbə onu da bildirdi ki, şəbəkənin yenidən qurulması hazırda əsas prioritetlərdəndir. Bu amil əsas götürülməklə yaxın zamanda rayon mərkəzində SİP kabel çəkilməsi nəzərdə tutulub və lazımi hazırlıq işləri görülüb. Paylayıcı şəbəkənin yeniləşdirilməsi ilk mərhələdə rayon mərkəzindəki istehlakçıları əhatə edəcəkdir. Sonra isə bu işlər qəsəbə və kəndlərdə həyata keçiriləcəkdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, rayonda elektrik enerjisindən qeyri-qanuni istifadə hallarına ən iri yaşayış məntəqələrindən olan, təxminən 583 abonentə malik Giləzi qəsəbəsində rast gəlinir. Belə hallara yol verən abonentlərə qarşı sərt tədbirlər görülür. Zərurət yarandıqda hüquq-mühafizə orqanlarına müraciət edilir ki, bu da çox vaxt təsirini göstərir.

Sonda onu da qeyd edək ki, kadrların təkmilləşdirilməsi məsələsi də şəbəkədə diqqətdə saxlanılır. Zərurət yarandıqca işçilər təkmilləşmə məqsədilə Azər­baycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnsti­tutu və Sumqayıt Regional Elek­trik Şəbə­kəsində təşkil olunan kurslarda iştirak edirlər. Bu da istismar heyətinin peşəkarlığının artmasında əhəmiyyətli təsirini göstərir.