ZAQATALA EŞ: REYDLƏR MÜNTƏZƏM OLARAQ DAVAM ETDİRİLİR

Image

İtkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müvafiq tədbirlər görülür. O cümlədən, reydlər müntəzəm olaraq davam etdirilir və sayğac sxeminə müdaxilələr edərək enerjidən qeyri-qanuni istifadə edənlər tərəfimizdən aşkar edilərək onlara qarşı sərt tətbirlər həyata keçirilir.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Zaqatala Elektrik Şəbəkəsindən  (EŞ) daxil olan məlumata görə, cari ilin iyul ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 23 istehlakçının Elektrik Enerjisindən İstifadə Qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 64,6 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 3,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən ayların aktlarına görə yaranmış debitor borcundan da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin ötən 7 ayı ərzində burada 227 qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 777,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin (46,6 min manatdan artıq) 73 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbə cari ilin son üç ayı ərzində 10, 6 və 0,4 kV-lik elektrik verilişi xətlərində (EVX) həyata keçirilmiş yenidənqurma və təmir işləri, transformator və ya komplekt transformator məntəqələrində (TM və ya KTM) görülmüş işlər barəsində verdiyi məlumatda o da qeyd edilir ki, EVX-lərin 2,6 kilometrə yaxın hissəsi təmir edilmişdir. Buraya 10 kV-lik Tala, Mosul, Lahıc, Makov, 0,4 kV-lik Muxax, Car, Y.Tala və digər xətlərdə görülmüş işlər daxildir. Sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərin 15-də müxtəlif təyinatlı təmir işləri də həyata keçirilmişdir.

Yanğın təhlükəsizliyi tədbiri barəsində məlumat verən mənbə onu da bildirdi ki, müntəzəm olaraq TM-lərin ərazisi təmizlənir, elektrik avadanlıqlarına baxış keçirilir və aşkar edilmiş nasazlıqlar təcili aradan qaldırılır. Yağ tutumlu avadanlıqlarda yağ sızması müşahidə olunarsa təcili tədbirlər görülür.

Sonda onu da qeyd edək ki, görülmüş və davam etdirilən işlər istehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanmasına, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin yüksək həddə çatdırılmasına müsbət təsir göstərir.