NEFTÇALA EŞ: MÜVAFIQ TƏDBIRLƏR DAVAM ETDIRILIR
İtkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir. Neftçala Elektrik Şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində cari ilin 7 ayı ərzində keçirilmiş reydlər zamanı 156 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 1 milyon 752,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 105,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 87 faizə yaxınının ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
O cümlədən, 2012-ci ilin iyul ayında 22 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Bu qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış, 255,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 15,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğlə yanaşı ötən aylardan akta görə yaranmış debitor borcunda müəyyən hissəsinin ödənişi hesabat ayında təmin edilmişdir.
Yeri gəlmişkən, mənbələrdən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, yenə də kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox məişət abonenti (əhali) istehlakçı qrupunda qayda pozuntusu aşkar edilmişdir.
Mənbədən cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan elektrik verilişi xətlərində (EVX) və transformator məntəqələrində (TM) həyata keçirilmiş təmir işləri barəsində əldə etdiyimiz məlumatda o da qeyd edilir ki, 10, 6 və 0,4 kV-lik xətlərin 14,8 kilometrdən artıq hissəsi təmir edilmişdir.
Qeyd edək ki, təmir kampaniyası qrafikinə uyğun olaraq sözügedən dövrdə müəssisənin xidməti ərazisində olan TM-lərin 24-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda ümumi gücü 1,9 MVA-ya yaxın olan 14 transformatorda əsaslı təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.
Digər müəssisələrəd olduğu kimi, burada da yanğın təhlükəsizliyinin təmin edilməsi haqqında nəzərdə tutulan tədbirlər həyata keçirilir. O cümlədən, artıq yağ tutumlu avadanlıqlarda yanğın təhlükəsizliyi təmin edilib, EVX-lərin mühafizə zonalarının və TM-lərin ərazilərinin quru otlardan və kənar əşyalardan, transformatorların özülü və gövdəsi çirkli yağ örtüyündən təmizlənib.