TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR QƏNAƏTBƏXŞDİR
Respublikamızın enerji nəhəngi sayılan, istehsal edilən elektrik enerjisinin 40 faizə yaxınını istehsal edən Azərbaycan İstilik Elektrik stansiyasında (İES) ötən ilin sonunda yenidənqurma işlərinin uğurla başa çatdırılması nəticəsində texniki-iqtisadi göstəricilər daha da yüksəlmişdir. Həmişə olduğu kimi cari ildə də enerji blokları və avadanlıqların dayanıqlı və qənaətli iş rejimi təmin olunmuş, dispetçer qrafikinə uyğun elektrik enerjisi istehsalı proqnozları yerinə yetirilmiş, əsas avadanlıqların zədələnməsinə və sıradan çıxmasına səbəb olacaq qəza hallarına yol verilməmişdir.
Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin iyul ayında 656,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Həmişə olduğu kimi cari ildə də əzmkarlıqla çalışdıqlarını vurğulayan mənbə bildirdi ki, 2012-ci ilin 7 ayı ərzində stansiyada 4 milyard 653,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Cari ildə nəzərdə tutulmuş təmir-bərpa işləri barədə məlumat verən mənbə onu da qeyd etdi ki, cari ilin son üç ayı ərzində 2 saylı tunelin tikintisi üzrə işlər davam etdirilmişdir. Bu dövrdə
qidalandırıcı suötürücü kanalın betonlanması, tunel tikintisi ilə əlaqədar qaz xətlərinin yerinin dəyişdirilməsi və digər işlər həyata keçirilmişdir. Eyni zamanda ehtiyat mazut çənlərinin dövrü nasosxanasının tikintisi işləri də davam etdirilmiş və üç ədəd ildırımötürücü maçta da quraşdırılmışdır.
Sonda onu da qeyd edək ki, yay mövsümü ilə əlaqədar olaraq yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Bununla bağlı stansiyadaxili yanğınsöndürmə su xətləri və nasosxana, həmçinin avtomatik yanğınsöndürmə sistemləri saz vəziyyətə gətirilmiş, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır. Eyni zamanda iki yanğınsöndürmə nasosu əsaslı, diğərləri isə cari təmir olunmuşdur. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar aradan qaldırılır.
Xatırladaq ki, elektrik stansiyası hər birinin gücü 300 MVt olan səkkiz enerji blokundan ibarətdir. Stansiyanın yenidənqurulması layihəsi üzrə işlər uğurla başa çatdırılmış və stansiyanın imkan gücü 2600 MVt-a yüksəlmişdir.