QOBUSTAN EŞ: QAYDA POZUNTULARININ QARŞISI ALINIR
İstehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi ilə yanaşı elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu istiqamətdə işlər davam etdirilir.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Qobustan elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində 2012-ci ilin iyul ayında keçirilmiş reydlər zamanı 15 istehlakçının (bunun 14-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində qayda pozuntusu aşkar edilərək müvafiq qaydada akt tərtib olunmuşdur. Aktlar üzrə pozuntunun xarakterinə uyğun hesabat aparılaraq 6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 355 manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Qeyd edilən miqdardan 5,7 min kilovatsaata yaxını və ya 340 manatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Həmin bu məbləğin 15 faizə yaxın hissəsinin ödənişi hesabat ayında təmin edilmişdir.
Qeyd edək ki, cari ilin ötən 7 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 62 istehlakçının (bunun 58-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) Elektrik Enerjisindən İstifadə Qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 91,9 min kilovatsaatdan artıq (Bundan 86,2 min kilovatsaata yaxını və ya 5,1 min manatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
“Müəssisənin xidməti ərazisində istehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerji təminatının təmin edilməsi məqsədilə 10, 6 və 0,4 kV-lik paylayıcı şəbəkələrdə son üç ay ərzində bir sıra işlər aparılıb” – deyən mənbə onu da bildirdi ki, Ərəbşabaş, Cəyirli, Təklə, Təklə Mirzəbaba və digər xətlərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı xeyli sayda izolyator, xətt armaturu dəyişdirilmiş və eyni zamanda xətlərin ümumilikdə 2,1 kilometrdən artıq hissəsi yenilənmişdir.
Bu müddət ərzində paralel olaraq 2 ədəd transformatorda yenisi ilə əvəzlənərək istehlakçıların istifadəsinə verilmişdir.
Onu da qeyd edək ki, sözügedən dövrdə sayğac quraşdırılması və dəyişdirilməsi işləri də yerinə yetirilib. Belə ki, Elektrik Şəbəkəsi üzrə 50-dən artıq yeni sayğac da quraşdırılmışdır.
Mənbədən o da bildirilir ki, hava iqlim şəraitinin istiləşməsi energetiklərin həyata keçirəcəkləri işin həcminidə artırıb. Belə ki, müxtəlif gərginlikdə olan xətlərin trassası yaşıl kütlədən, TM-lərin ərazisi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir.
Sonda qeyd edək ki, dayanıqlığın müntəzəm olaraq təmin edilməsi məqsədilə ənənəvi təmir-bərpa işləri davam etdirilir.