QAYDA POZUNTULARINA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM EDİR

Image

Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi Xırdalan EŞ-də də istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Ümumiyyətlə, elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir.

Sözügedən EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, müəssisənin xidməti ərazisində elektrik enerjisindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması üçün mütəmadi reydlər keçirilir.

Qeyd edək ki, cari ilin iyul ayında keçirilmiş reydlər zamanı 136 qayda pozuntusu (bunun 130-dan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış, 297 min  kilovatsaatdan artıq (bunun 261,4 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 17,8 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Yeri gəlmişkən, cari ilin 7 ayı ərzində keçirilmiş reydlər zamanı 691 istehlakçının (bunun 640-dan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 2 milyon 947,1 min kilovatsaatdan artıq (bunun 1 milyon 298,6 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 176,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 55 faizə yaxınının ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Onu da qeyd edək ki, elektrik enerjisindən istifadə qaydalarının pozulmasında sayğacdan kənar xətt vasitəsilə enerjidən istifadə halına daha çox rast gəlinir.

Mənbədən cari ilin son üç ayı ərzində həyata keçirilmiş təmir işləri barəsində əldə etdiyimiz məlumatda o da qeyd edilir ki, müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik EVX-lərdə həyata keçirilmiş təmir işləri zamanı 12,7 kilometrə yaxın AS-50 naqili, xeyli sayda dayaq, xətt armaturu və izolyator işlədilmişdir. Eyni zamanda sayğac üçot komplektinə nəzarətin gücləndirilməsi, transformatorların yüklərinin bölünməsi və s ilə əlaqədar 0,4 kV-lik xətlərdə həyata keçirilmiş yenidənqurma işləri zamanı 2,2 kilometr SİP kabel də çəkilmişdir.

Mənbə onu da bildirdi ki, sözügedən dövrdə müəssisənin xidməti ərazisində olan transformator və ya komplekt transformator məntəqələrində (TM və ya KTM) həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı 6 transformator  təmir edilmişdir. Eyni zamanda Masazırda bir ədəd KTM quraşdırılaraq istehlakçıların xidmətinə verilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, yay mövsümündə yanğın təhlükəsizliyi tədbirlərinə uyğun olaraq TM-də, paylayıcı quruluşda, xətlərin mühafizə zonalarında baş verə biləcək hər hansı bir xoşagəlməz hadisənin qarşısının vaxtında alınması məqsədilə daimi baxışlar keçirilir və aşkar edilmiş nöqsanlar təcili aradan qaldırılır.

Sonda onu da qeyd edək ki,  enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir.