AQREQATLARA NÖVBƏTİ TEXNİKİ QULLUQ GÖSTƏRİLMİŞDİR

Image

Ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş generasiya mənbələrindən biri olan Şahdağ elektrik stansiyası respublikanın şimal bölgəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasında böyük rolu olmuşdur. Stansiyanın işə qoşulması bölgənin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, o cümlədən sistemin dayanıqlığının artırılmasında da əhəmiyyətli rol oynayır. Eyni zamanda bu stansiya “Şahdağ” Qış-Yay Turizm kompleksinin elektrik enerjisi təchizatını da həyata keçirəcəkdir. Elektrik stansiyasında porşen tipli mühərriklərdən ibarət olan aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun vaxtında göstərilır. O cümlədən, cari ilin son üç ayı ərzində altı mühərrikdə növbəti istismar həddinə uyğun texniki qulluq işləri həyata keçirilmişdir. Hazırda stansiya dispetçer qrafikinə uyğun fəaliyyət göstərir.

Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada cari ilin iyul ayında 28,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal olunmuşdur.

Qeyd edək ki, 2012-ci ilin 6 ayı ərzində isə 202 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində cari ilin 6 ayında, o cümlədən iyun ayında stansiyanın digər texniki iqtisadi göstəricilərində də qənaətbəxş nəticələr əldə olunmuşdur.

“Tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, plan tapşırıqların uğurla yerinə yetirilməsində kollektivimiz səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər” – deyən mənbə onu da qeyd etdi ki, texniki qulluq işləri stansiyanın təmir briqadası tərəfindən aparılır. Belə ki, cari ilin son üç ayı  aqreqatlara növbəti texniki qulluq göstərilmiş, güc transformatorunda müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Eyni zamanda 11 kV-lik I, II, III şinlərdə və 110 kV-lik II Quba və II Qusar hava xətlərində təmir işləri aparılmışdır.

Mənbə onu da bildirdi ki, sözügedən dövrdə 40 MVA-lıq 1 və 2 saylı güc transformatorlarının və 6 generatorun elektrik avadanlıqlarında, eyni zamanda  xüsusi sərfiyyat transformatorunda müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı  yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Belə ki, yanğınsöndürmə vasitələrinə, yanğına qarşı su təchizatına növbədənkənar baxış keçirilmiş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Sonda onu da qeyd edək ki, burada payız-qış mövsümünə hazırlıq məqsədilə tədbirlər planında nəzərdə tutulmuş işlər qrafikə uyğun davam etdirilir.

Xatırladaq ki, bu elektrik stansiyası 12 aqreqatdan ibarətdir və ümumi gücü  104 MVt-dır. İstehsal olunan elektrik enerjisinin enerjisistemə ötürülməsi üçün 110 kilovoltluq II Quba hava xəttinin stansiyaya giriş-çıxışının  təmin edilməsi məqsədilə 2 kilometr uzunluğunda yeni xətt çəkilmişdir. Burada ümumi gücü 160 meqavolt-amper olan 4 ədəd transformator quraşdırılmışdır.