TƏDBIRLƏR PLANI UĞURLA ICRA OLUNUR
Qarşıdan gələn payız-qış mövsümündə enerji sisteminin dayanıqlı işləməsinin təmin edilməsi, yarımstansiyalarda avadanlıqların təhlükəsiz və dayanıqlı istismarı ən mühüm vəzifələrdəndir. Beyləqan Elektrik Şəbəkəsinin kollektivi rayonun energetika təsərrüfatında icrası nəzərdə tutulan tədbirləri vaxtında yerinə yetirməyə çalışır.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, tədbirlər planına uyğun olaraq, 35 kilovoltluq “Dostluq” yarımstansiyasında 10 kV-lik giriş yağ açarının yerləşdiyi yuvada keçid izolyatoru yenisi ilə əvəzlənib. Eyni gərginlikli “Xalac” yarımstansiyasında isə 6,3 MVA-lıq transformatorun 35 kV-lik girişlərinin dəyişdirilməsi, eyni adlı hava xəttində ağac dayağın dəmir dayaqla əvəzlənməsi də görülən işlər sırasındadır.
Mənbəyə istinadən qeyd edək ki, 10 kV-lik “Yuxarı Aran” hava xəttinin “Mayak” budaqlanmasında 7 ədəd dəmir-beton dayağın quraşdırılması həyata keçirilib. Eyni zamanda, rayonun Qaralar kəndində yeni salınmış yaşayış massivində istehlakçıların elektrik enerjisi ilə təchizatını daha da yaxşılaşdırmaq üçün 10 kV-lik, 0,4 kV-lik hava xətti çəkilib, 1 ədəd 63 KVA gücündə transformator quraşdırılıb. «Şərq» qəsəbəsində isə 0,4 kV-lik dayaqlar yeniləri ilə dəyişdilib.
Qeyd edək ki, görülən bütün məqsədyönlü tədbirlər həm enerji itkisinin qarşısının alınmasında, həm istehlakın dəqiqləşdirilməsində, həm də ümumi ödənişin artmasında öz müsbət nəticəsini göstərməkdədir.
Sonda onu da qeyd edək ki, başlanan tədbirlərin növbəti rüblərdə də davam etdirilməsi nəzərdə tutulur.