ASTARA ELEKTRİK ŞƏBƏKƏSİNDƏ YENİDƏNQURMA VƏ TƏMİR İŞLƏRİ APARILIR
İstehlakçıları daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək, yarana biləcək hər hansı bir qəzanın qarşısının vaxtında alınması məqsədilə digər rayonlarda olduğu kimi, Astara rayonunda da paylayıcı elektrik şəbəkələrində müvafiq yenidənqurma və təmir işləri həyata keçirilir. Nəticədə istehlakçıların elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsinə və təhlükəsizliyinin möhkəmləndirilməsinə nail olunur.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə sözügedən müəssisədən daxil olan məlumata görə, rayonun paylayıcı elektrik şəbəkələrində tədbirlər planına uyğun işlər davam etdirilir. Belə ki, cari ilin son üç ayı ərzində 10 kV-lik xətlərin 700 metrdən artıq hissəsi yenidən qurulmuş, 1,5 kilometrdən çoxunda isə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 0,4 kV-lik xətlərin müəyyən hissəsi SİP kabellə əvəzlənmiş, 4,3 kilometrindən artıq hissəsində isə təmir işləri aparılmışdır.
Qeyd edək ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan transformator məntəqələrinin 54-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və müxtəlif gücdə 5 ədəd transformator da təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması baxımından da təsirli tədbirlər həyata keçirilir. İtirilmiş elektrik enerjisinin bərpa olunmuş istehlak dəyərini ödəmək istəməyən, elektrik avadanlıqları və ya qurğularına qeyri-qanuni müdaxilə edən abonentlərlə bağlı akt tərtib olunur və onlar haqqında tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciətlər edilir. Bu qəbildən olan tədbirlər də tədricən öz təsirini göstərir. İstehlakçılar arasında nümunəvi abonentlərin sayı getdikcə artır.
Mənbəyə istinadən qeyd edək ki, cari ilin 6 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 50-dən çox istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 404,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 24,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 36 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
O cümlədən, cari ilin iyun ayında aşkar edilmiş 12 qayda pozuntusuna görə 23,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 1,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğ tamamilə ödənilmiş və ötən ayların aktlarına görə yaranmış debitor borcunda müəyyən hissəsinin ödənişi təmin edilmişdir.