DAYANIQLIQ TƏMİN OLUNUR

Image

Füzuli Elektrik Şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində istehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektik enerjisi ilə təmin olunmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə elektrik avadanlıqları və hava elektrik verilişi xətləri vaxtlı-vaxtında təmir olunur, saz vəziyyətə gətirilir.

Məcburi köçkünlərin məskunlaşdığı “Qayıdış” adlandırılan 16 fin evlərindən ibarət 1 qəsəbədə, həmçinin 23 kənddə dayanıqlığın təmin olunması üçün bütün zəruri tədbirlər görülür. Şəbə­kənin ehtiyat transformatorlarla təchiz edilməsi gözlənilməz qəza açılmalarında fasiləsizliyi təmin etməyə imkan verir.

Mənbəyə istinadən qeyd edək ki, ötən müddətdə 110 kV-lik “Böyük Haramı” və “Şükürbəyli” yarımstansiyalarında 110 kV-lik  yağ açarları əsaslı təmir olunub.  Ayrı-ayrı vaxtlarda ifrat  yüklənmə nəticəsində na­saz vəziyyətə düşmüş 20 transformator əsaslı təmir edilərək müvafiq yerlərdə quraşdırılıb. 10 kV-lik “Qazaxlar” və “Böyük Bəhmənli” xətlərində 10 kV-lik cərəyan transformatorları yeniləri ilə əvəz edilib. Eyni gərginlikdə olan “Mahmudlu” hava xəttində qabariti normallaşdırmaq məqsədilə dəmir-beton dayağın basdırılması, izolyatorların dəyişdirilməsi işləri aparılıb. Analoji tədbirlər, iş həcmindən asılı olaraq, “Şükürbəyli”, “Hos­pital” hava xətlərində və “Alıxanlı” hava xəttinin «Dilağarda» budaq­lanmasında da həyata keçirilib.

Onu da qeyd edək ki, 35 kV-lik “Ho­radiz” yarımstansiyasından çıxan 10 kV-lik “Babı-Arayatılı” hava xəttində yağ açarı vakuum açarla əvəz olunub. “Örənqala” yarımstansiyasında isə 4-cü, 5-ci və 6-cı “Qəsəbə” hava xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.

Yeri gəlmişkən, yeni salınmış yaşayış massivlərinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması və dayanıqlığın artırılması məsələləri də diqqətdə saxlanılıb. Hərəsində 1 ədəd olmaqla «Qa­yıdış-10» qəsəbəsində 630 KVA, Şükür­bəylidə 250 KVA, Mah­mudlu-1, Mahmudlu-2 və Əh­mədallar kəndlərində 400 KVA-lıq transformator quraşdırılaraq enerji istehlakçılarının istifadəsinə verilib.