XAÇMAZ REŞ: YARIMSTANSİYANIN GÜCÜ ARTIRILMIŞDIR

Image

Hazırda enerjisistemdə mövcud olan və yeni yaradılmış potensial generasiya gücləri ilə yanaşı, vacib məsələlərdən biri də istehsal olunan elektrik enerjisinin vaxtında və keyfiyyətli şəkildə tələbatçılara çatdırılmasıdır. Bu məsələnin həllində elektrik verilişi xətləri və yarımstansiyaların normal fəaliyyət göstərmələri mühüm rol oynayır. 35 kilovoltluq və ondan yuxarı gərginlikli hava xətləri və eyni gərginliyə malik yarımstansiyalar üzrə nəzərdə tutulan tədbirlər əsasən yerinə yetirilib.

Xaçmaz REŞ-in balans mənsubiyyəinə aid sözügedən EVX-lərdə və yarımstansiyalarda həyata keçirilən təmir işləri barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində 110 kV-lik Xaçmaz yarımstansiyasında 2 saylı 16 MVA-lıq transformator 25 MVA-lıqla və onun 110 kV-lik cərəyan transformatoru yenisi  ilə əvəz olunmuşdur. Eyni zamanda 1 saylı 25 MVA-lıq transformatorda əsaslı təmir olunmuşdur.  Bütün bunlarla yanaşı bu yarımstansiyadan çıxan xeyli sayda 10 kV-lik xətlərin elqaz açarlarında, xətt və şin ayrıcılarında, gərginlik transformatorlarında isə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Nəticədə yarımstansiyanın gücü artmaqla yanaşı onun dayanıqlığı daha da möhkəmləndirilmişdir.

Mənbəyə istinadən qeyd edək ki, 110 kV-lik Xudat və Yalama  yarımstansiyalarında isə 1 və 2 saylı transformatorlar, onların eleqaz açarları, xətt ayrıcıları, 35 və 10 kV-lik yağ açarları və digər avadanlıqlarında da sözügedən dövrdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Onu da qeyd edək ki, analoji təmir işləri müəssisənin xidməti ərazisində olan 110 kV-lik Quba, Qusar, Şabran və Siyəzən yarımstansiyalarında da həyata keçirilmişdir. Bütün bunlarla yanaşı balans mənsubiyyətinə aid olan 35 kV-lik yarımstansiyalarda da həmin bu dövrdə müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Buna misal olaraq 35 kV-lik Nabran yarımstansiyaında 1 və 2 saylı 2,5 MVA-lıq transformatorların 4 MVA-lıqla əvəzlənməsini, burada 10 kV-lik yeni yuvanın quraşdırılmasını, Zeyxur, Əcəxur, Cağar yarımstansiyasında güc transformatorlarının təmirini və digər avadanlıqlarda aparılan təmir işlərini göstərmək olar.

Qeyd edək ki, təmir işləri müəssisənin xidməti ərazisində olan EVX-lərdən də yan ötməmişdir. Belə ki, 330 kV-lik Xaçmaz, Dərbənd, 110 kV-lik  I-VIII Xaçmaz, 35 kV-lik III Beynəlmiləl, Quba-Qusar və digər hava xətlərində aparılmış müxtəlif təyinatlı təmir işləri zamanı bəzi dayaqlara travers əlavə edilmiş və müəyyən hissələri dəyişdirilərək təmir olunmuş, anker metal dayaqlada künclüklər bərpa olunmuş və xeyli sayda izolyator yenisi ilə əvəzlənmişdir.

Sonda onu da qeyd edək ki, burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət məkəzindədir. Mövcud iqlim şəraitinə uyğun olaraq yarımstansiyaların ərazisi və açıq paylayıcı quruluşları yanğından mühafizə qaydalarına uyğun olaraq otlardan təmizlənmiş, kabel kanallarında kipləndirmə işləri aparılmışdır. Eyni zamanda güc transformatorlarında yağ sızmaları aradan qaldırılmış, xeyli sayda ilkin yanğınsöndürmə vasitələri alınaraq müəyyən edilmiş hissələrdə yerləşdirilmişdir.