“LƏNKƏRAN EŞ”: YENİ ENERJİ OBYEKTİ İSTİFADƏYƏ VERİLİB

Image

“Lənkəran Elektrik Şəbəkəsi”nin xidmət göstərdiyi istehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, sayğac uçot komplektinin “Elektrik enrjisindən istifadə qaydaları”na uygun xüsusi qutularda, baxış üçün maneəsiz yerdə  quraşdırılması və digət təşkilatı tədbirlərlə bağlı şəbəkələrdə müvafiq yenidənqurma işləri aparılır. Cari ilin son 3 ayı ərzində 400 KVA gücündə 1 ədəd yeni transformator məntəqəsi (TM) istismara verilmiş və 10 TM-də yenidənqurma işləri aparılmışdır.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, yenidənqurma işləri ilə əlaqədar olaraq, daha doğrusu, smartkart tipli sayğacların quraşdırılası ilə bağlı sayğacların giriş xəttinə 6,7 kilometrə yaxın kabel xətti çəkilmiş, 0,4 kV-lik xətləri 24,1 kilometri SİP kabellə əvəzlənmiş və 1,9 kilometri isə əsaslı təmir edilmişdir. Paralel olaraq 10 kV-lik xətlərin 1,7 kilometri yenidən qurulmuş, 3,2 kilometri isə əsaslı təmir olunmuşdur.

Mənbəyə istinadən qeyd edək ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan 9 ədəd TM-də əsaslı və cari təmir işləri aparılmış, ümumi gücü 2,6 MVA-dan artıq olan 9 ədəd transformator isə təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.

“Mütəmadi reydlərin keçirilməsinə və digər təşkilatı tədbirlərə baxmayaraq, hələ də bu və ya digər şəkildə  sayğac sxeminə mudaxilə, kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə halları var. Məqsədimiz bu pozuntu faktlarını vaxtında aşkar edərək onların qarşısını almaqdır”, – deyən mənbə “Elektrik enerjisindən istifadə qaydaları”nın pozulmasına görə keçırılmış reydlər zamanı aşkar edilmiş nöqsanlar barəsində də məlumat verdi.

Mənbədən verilən məlumata görə, cari ilin iyun ayında 30-dan çox qayda pozuntusu aşkar edilmişdir ki, bu da ötən ayla müqayisədə azdır. Nəticədə 75 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 4,5 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 45 faizə yaxın hissəsi ödənilmişdir.

Qeyd edək ki, cari ilin 6 ayı ərzində 200-ə yaxın analoji fakt qeydə alınaraq 614,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 51 faizə yaxın hissəsi ödənilmiş və qalıq hissənin ödənilməsi üçün tədbirlər görülür.

Qayda pozuntularının xarakterindən və istehlakçı qrupu üzrə təsnifatından söz açan mənbə elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halının üstünlük təşkil etdiyini və ən çox qayda pozuntusunun  məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edildiyini bildirdi.

Onu da qeyd etmək yerinə düşərdi ki, qayda pozuntularının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən biri də elektrik enerjisinin kart sistemi vasitəsilə həyata keçirilməsidir. Artıq müəssisənin xidməti ərazisində bu tip sayğacların quraşdırılması davam etdirilir.